SİYASƏT


Siyasi ekspert: Erməni xalqının “qədimliyinə” işarə edə biləcək bircə sübut varsa, bu, onların törətdikləri çoxsaylı terror aktlarıdır

Bakı, 11 oktyabr, AZƏRTAC

Terrorizm təkcə Əl-Qaidə, İŞİD və bu kimi digər təşkilatlara və qruplaşmalara xas olan anlayış deyil. Terror, o cümlədən hər hansı bir ölkənin dövlət siyasəti ola bilər. Dövlət tərəfindən həyata keçirilən terror siyasətinə nümunə dedikdə istər ekspert, istərsə də adi vətəndaşın düşüncəsinə ilk olaraq Ermənistan gəlir. Erməni terroru Ermənistan dövlətindən yaşca daha qədimdir və əgər erməni xalqının bir az da olsa, “qədimliyinə” işarə edə biləcək bircə sübut varsa, bu, ermənilərin müxtəlif xalqlara və ölkələrə qarşı həyata keçirdiyi çoxsaylı terror aktlarıdır. Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinin 1984-cü il tarixli “Ermənistanın azadlığı naminə erməni gizli ordusu: davam edən beynəlxalq hədə” adlı sənədində ASALA təşkilatı nümunəsində ermənilərin terror fəaliyyəti geniş şərh olunur. Erməni terrorizmi dünya kəşfiyyat orqanlarına nə qədər yaxşı məlum olsa da, dünya birliyi qarşısında ermənilər özlərini daim zəif, əzilmiş, məzlum xalq kimi təqdim etməyi bacarıblar.

Lakin Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni bombalaması bu “məzlum xalq” mifində böyük çat yaratdı. Ermənistan Gəncənin mülki obyektlərinə raket zərbələrini bilərəkdən endirdiyini inkar etsə də, dünya mediası və beyin mərkəzlərinin reportaj, məqalə və hesabatlarında bu hadisə geniş işıqlandırılıb. Beynəlxalq Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin müharibə ilə bağlı analitik hesabatı zərbənin Gəncəyə məhz Ermənistan ərazisindən endirildiyini vurğulayır. Hesabata əsasən, Ermənistan Gəncəyə “Toçka-U” və “Skad” tipli ballistik raketlərdən istifadə edərək zərbə endirib. Eyni faktları məşhur “Forbes” jurnalı ötən il oktyabrın 23-də yayımlanan məqaləsində qeyd edib. Dünyaca məşhur “Əl-Cəzirə” telekanalı isə Gəncənin bombalanmasını çoxsaylı foto, video və xəritələr vasitəsilə geniş şərh edib. “Human Rights Watch”un 2021-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsində mülki qurbanlar haqqında dərc etdiyi hesabatında Gəncənin bombalanması çoxsaylı faktlarla isbatlanıb. Ermənistanın Gəncə şəhərini hərbi obyektlər olması səbəbindən bombalaması bəhanəsi beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən məqbul əsas kimi rədd edilib. “Human Rights Watch” Gəncə ətrafında bəzi hərbi obyektlərin olduğunu peyk vasitəsilə çəkilmiş şəkillərlə təsdiqləsə də, bunu “Skad” tipli ballistik raketlə zərbələrə bəraət qazandıracaq əsas kimi qəbul etmədi. Hesabatda, həmçinin raketlərin 1000 kiloqram partladıcı maddə daşıdığı qeyd olunur və zərbələrin şəhərin mərkəz nöqtələrinə dəyməsi müvafiq peyk xəritələri ilə təsdiqlənir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov söyləyib.

E.Məcidov deyib ki, Gəncənin bombalanması beynəlxalq ictimaiyyətin diqqətini təkcə heç bir mənəvi çərçivəyə sığmayan terror hadisəsi olduğuna görə çəkməyib. Belə güman etmək lazımdır ki, bu hadisəyə xüsusi diqqəti Gəncənin yerləşdiyi strateji məkan şərtləndirib. Böyük Britaniyanın “Financial Times” qəzeti Gəncənin bombalanmasını şərh edərkən onun Türkiyə və Qərbə gedən enerji arteriyalarının üzərində yerləşdiyini xüsusi vurğulayıb. Dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan İrs Fondunun məsul şəxslərindən olan Lyuk Kofe 2021-ci il oktyabrın 1-də İkinci Qarabağ müharibəsinin ildönümünə həsr edilmiş məqaləsində ABŞ-ın regionda maraqlarını 5 aspektdən nəzərdən keçirib. Bunlardan ikisi birbaşa və ya dolayısı olaraq Gəncə ilə əlaqədardır. L.Kofeyə görə, Asiya və Avropa arasında ticarət və tranzit zəruri olaraq Rusiya, Azərbaycan və İran kimi 3 ölkədən birinin vasitəsilə həyata keçirilməlidir. Məqalə müəllifinin fikrincə, Qərbin Rusiya və İran ilə münasibətləri qəliz olduğundan onun üçün yeganə təhlükəsiz enerji tranziti Gəncə yaxınlığından keçən (Ganja Gap) marşrutdur. Müəllif qeyd edib ki, bu yola girişin təmin edilməsi ABŞ-ın regionda strategiyası üçün çox əhəmiyyətlidir. ABŞ-ın milli maraqları üçün daha bir vacib aspekt Gəncə marşrutunun Mərkəzi Asiyanın açarı olmasıdır. İrs Fondunun məsul şəxsinin fikrincə, Azərbaycan özü Mərkəzi Asiya dövləti olmasa da, bu regionun açarı rolunu oynayır. Qərbin Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya çıxışı isə Gəncə marşrutu vasitəsilə həyata keçirilir. Amerikalı ekspert öz ölkəsinin və ümumilikdə Qərbin maraqlarının təmin edilməsi məqsədilə Gəncədə ABŞ konsulluğunun açılmasını ardıcıl olaraq israrla tələb edir.

“Nəticə etibarilə Ermənistanın terror siyasəti təkcə Azərbaycana və regional sabitliyə yox, həmçinin beynəlxalq sabitliyə də təhlükə daşıyır. Belə olan təqdirdə, güman etmək olar ki, Gəncə terrorundan sonra Ermənistana münasibətdə müəyyən dəyişikliklər özünü büruzə verəcək. Həmin dəyişikliklər özünü zəif də olsa, qismən göstərməkdədir. Məsələn, Ermənistana ən çox dəstək verən ölkələrdən biri Fransanın Milli Assambleyasının nümayəndə heyətinin üzvləri olan senatorlar Gəncənin dağıdılmış yerlərinə səfər edərək Ermənistan terroru ilə əyani tanış olublar. Səfər çərçivəsində Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Gəncənin bombalanması məsələsinə toxunub, bunun müharibə cinayəti olduğunu vurğulayıb. Bu, xarici siyasətçilərin erməni terrorunu təsdiqləməyə məcbur olduğu nümunələrdən, sadəcə, biridir.

Ermənistanın Gəncəni bombalamaqla Azərbaycan əhalisini təşvişə salmaq, müzəffər Ordumuzun qarşısını almaq istəyi ümidsiz bir cəhd idi. Müharibədən 1 il ötdükdən sonra bu cəhdin niyə uğursuz olduğu açıq-aşkar bəllidir: Azərbaycan torpaqlarını işğaldan azad etdi, Ermənistan isə dünya birliyi qarşısında özünə daha bir terrorçu damğası vurdu”, - deyə siyasi ekspert fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.