SİYASƏT


Siyasi ekspert: Ermənistan siyasi hakimiyyəti üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır

Bakı, 24 noyabr, AZƏRTAC

Müharibənin başa çatmasından və Ermənistanın Azərbaycanın qalib tərəf kimi irəli sürdüyü şərtlərlə barışaraq kapitulyasiya aktına imza atmasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, baş nazir Nikol Paşinyan və ətrafı hələ də mövcud reallıqlardan yayınmaq üçün erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmaqda davam edir. Ermənistanın siyasi hakimiyyəti bölgəyə davamlı sülhün gəlməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı təxribatlar törətməklə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır.

Nikol Paşinyanın son seçkilərdə kommunikasiyaların açılmasının vacibliyini vurğulamasına, bununla da Ermənistanın iqtisadi-siyasi kollapsdan çıxacağı barədə vədlər verməsinə baxmayaraq, indi tamamilə əks mövqedən çıxış edir. Onun iddialarına görə, Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasından söhbət gedə bilməz və üçtərəfli Bəyanatda “dəhliz” ifadəsi yer almayıb.

Şübhəsiz ki, Nikol Paşinyanın bu iddiaları, əsasən Ermənistan cəmiyyətinə hesablanmış və bölgəyə təsir imkanlarını qoruyub saxlamağa çalışan dairələrin istək və təlimatlarına uyğun olaraq irəli atılıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəyli ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın sonuncu – 9-cu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməsi ilə şərti xatırladıb. Bildirilib ki, bu bəndə əsasən, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

“Üçtərəfli Bəyanatın 9-cu bəndinin yuxarıda iqtibas gətirdiyim hissəsindən göründüyü kimi, burada söhbət nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilindən gedir. Bu isə dövlətlərarası və həm də xüsusi statusa malik olan dəhliz deməkdir. Maneəsiz hərəkət yüklərin, nəqliyyat vasitələrinin və vətəndaşların sərhəd, gömrük və digər xidmətlərin iştirakı olmadan fasiləsiz hərəkətinin təmin edilməsi anlamına gəlir. Bu xüsusda, beynəlxalq konvensiyalara istinad etmək niyyətində deyiləm. Çünki bütün konvensiyalarda dövlətlərarası razılaşmalar əsas götürülür və ötən il noyabrın 10-da imzalanmış Bəyanatda həm də üçüncü – zəmanətçi tərəf var ki, bu, həm “Beynəlxalq razılaşmalar hüququ” haqqında Vyana Konvensiyasının, həm də Beynəlxalq Hüququn prinsipləri haqqında Bəyannamənin müvafiq müddəalarına uyğun olaraq, razılaşmaya imza atan bütün tərəflərin, o cümlədən zəmanətçi ölkənin öhdəliklərini yerinə yetirməyə borclu olduğunu, buna görə hüquqi məsuliyyət daşıdığını ortaya qoyur.

Nikol Paşinyanın başqa bir iddiası “Laçın dəhlizi” ilə bağlıdır. Ermənistanın baş nazirinin qənaətinə görə, üçtərəfli Bəyanatda “dəhliz” ifadəsi yalnız “Laçın dəhlizi”nə münasibətdə işlədilir. Qeyd edim ki, üçtərəfli Bəyanatın “Laçın dəhlizi” ilə bağlı hissəsində maneəsiz hərəkətin təşkili ilə bağlı heç bir öhdəlik yoxdur və bu baxımdan, “Laçın dəhlizi” mahiyyət etibarilə beynəlxalq nəqliyyat dəhlizi deyil, sadəcə, Ermənistan vətəndaşlarının, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan torpaqlarında yaşayan etnik ermənilərin, sərhəd, gömrük və digər xidmətlərin nəzarətindən keçməklə, qarşılıqlı gediş-gəlişinin təşkili məqsədilə yaradılan humanitar dəhlizdir”, - deyə siyasi ekspert diqqətə çatdırıb.

Onun özlərinə görə, digər tərəfdən, üçtərəfli Bəyanatın mahiyyətini regiondakı bütün kommunikasiyaların açılması, əlaqələrin və iqtisadi fəallığın bərpası, davamlı sülhün və təhlükəsizliyin təmin olunması təşkil edir. Bu isə qonşulara qarşı yürütdüyü aqressiv ekspansionist siyasət nəticəsində dalana dirənmiş Ermənistanın müstəqil hüququn real subyekti kimi mövcudluğunu qoruması və inkişafı üçün həyati əhəmiyyət kəsb edən məsələdir. Əgər Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəksə, şübhəsiz ki, mövcud reallıqlardan daha ağır bir yükün altında əzilməkdə davam edəcək. Bunun ağır nəticəsinə isə Ermənistan vətəndaşları qatlanmalı olacaqlar. Çünki Azərbaycan hələ torpaqlarının işğal altında olduğu zaman kəsiyində ölkə ərazisini beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli tərkib hissəsinə və habına çevirməklə, eyni zamanda, logistik alternativlər yaratmaqla dünyanın ən müxtəlif nöqtələrinə maneəsiz və səmərəli çıxış imkanlarını təmin etməyi bacarıb. İndiki şəraitdə, xüsusilə də Azərbaycan torpaqlarının, o cümlədən İranla Ermənistanı birləşdirən Gorus-Qafan yolunun Qubadlı rayonunun ərazisindən keçən hissəsinin işğalına son qoyulduqdan sonra kommunikasiyaların açılmaması məğlub ölkəni daha ağır duruma sala bilər. Bunun ilkin təzahürləri artıq nəzərə çarpmaqdadır. Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələrinin qurulmasının nəticələri və Ermənistan vətəndaşlarının bu ərazidən keçdikləri zaman rüsum ödəmək məcburiyyətində qalmaları, əslində, rəsmi İrəvan, o cümlədən Nikol Paşinyan üçün dərs olmalı idi... Amma görünür, Nikol Paşinyan Ermənistanın “marionet dövlət” statusunu qoruyub saxlamağa çalışan dairələrin təlimatından çıxmaq və öz xalqının təhlükəsiz gələcəyi üçün mövcud olan çıxış yollarını görmək iqtidarında deyil.

Nikol Paşinyanın klassik erməni həyasızlığı nümayiş etdirdiyini deyən E.Mirzəbəyli bildirib ki, Ermənistan baş nazirinin digər bir iddiasına görə, o, noyabrın 9-da Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasının səbəbkarı olmayıb. Buna klassik erməni həyasızlığının növbəti nümunəsindən başqa ad vermək mümkün deyil. Çünki görüşün keçiriləcəyi ilə bağlı ilk məlumatı Ermənistan mediasının Nikol Paşinyana yaxın olan “Sorosçu” camiəsi, daha sonra isə Rusiyanın bəzi kütləvi informasiya vasitələri diplomatik mənbələrə istinadən yaymışdı və rəsmi İrəvan da bu xəbəri təkzib etməmişdi. Görüşün əvvəlcədən elan edilən tarixindən bir müddət sonra Rusiyanın nüfuzlu informasiya resursları diplomatik mənbələrə istinadən onun məhz Nikol Paşinyanın günahı ucbatından baş tutmadığını bildirdilər.

Rəsmi İrəvanın bu xəbərə də heç bir reaksiya vermədiyini diqqətə çatdıran siyasi ekspert deyib: “Paşinyan Yalnız Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşlə bağlı məlumatlar tirajlandıqdan sonra Rusiyanın təşəbbüsü ilə noyabrın 9-da keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasının səbəbkarı olmadığını bildirdi və növbəti yalanını dövriyyəyə buraxdı. Halbuki, Rusiya tərəfinin təklifi ilə tərəflər arasında 9 noyabr görüşünün yekun bəyanatı da hazırlanırdı. O, bu addımı ilə Rusiyaya hörmətsizliyini növbəti dəfə nümayiş etdirdi və üçtərəfli görüşün Brüsseldə keçirilməsi üçün Avropa İttifaqına müraciət etməklə Rusiyanı çıxılmaz və pərt vəziyyətdə qoydu. Eyni zamanda, Qərbdəki himayəçilərinə onları ənənəvi müttəfiqindən, Ermənistanın bir dövlət olaraq mövcudluğunu təmin edən Rusiyadan üstün tutduğunu nümayiş etdirdi”.

Elçin Mirzəbəylinin qənaətinə görə, ola bilsin ki, Nikol Paşinyanın noyabrın 9-da keçirilməsi planlaşdırılan görüşdən yayınmasının səbəbi bu tarixin onda yaratdığı assosiasiya və ona əzab verən xatirələridir. Çünki o, 2020-ci il noyabrın 9-10-da kapitulyasiya aktını imzalamışdı.

Siyasi ekspert xatırladıb ki, Prezident İlham Əliyev 10 noyabr tarixli kapitulyasiya aktının Paşinyan tərəfindən harada imzalamasının hələ də sual altında olduğunu dəfələrlə vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.