SİYASƏT


Siyasi ekspert: Ermənistanın xarici asılılıqdan qurtulması Azərbaycan Prezidentinin sülh müqaviləsi təklifini qəbul etməkdən keçir

Bakı 25 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat-kommunikasiya, humanitar-mədəni sahələrdə uğurla inkişaf edib. Azərbaycan onunla əməkdaşlıq etməyi üstün tutan bütün müttəfiqlərinə qarşılıqlı və faydalı münasibətlər təklif edib. Bunun nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ilbəil artır. Rasional və praqmatik siyasətdən kənarda qalan Ermənistan isə Azərbaycanla düşmənçilik münasibətlərinə üstünlük verdiyi üçün biabırçı məğlubiyyətə düçar oldu. Prezident İlham Əliyevin yürütdüyü sülhsevər siyasətin əksinə olaraq, ermənilər düşmənçilik yolunu seçdikləri üçün 30 il ərzində regionun yeganə məğlub ölkəsi kimi tarixin qara səhifəsinə düşdülər. Ermənistanın təcavüzkar siyasətindən əl çəkməməyi səbəbindən uzun illər təcrid vəziyyətində qalması dövlət başçımızın həyata keçirilən uzaqgörən xarici siyasət kursunun məntiqi nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov söyləyib.

Ermənistanda 2018-ci ildə başlayan siyasi proseslər barədə danışan siyasi ekspert qeyd edib: “Sarkisyanın hakimiyyətdən getməsi, Paşinyanın onu əvəzləməsi nəticəsində Ermənistan Azərbaycan ilə qarşılıqlı surətdə ərazi bütövlüyünün tanınması prinsipləri əsasında sülh içində yaşamaq şansı əldə etdi. Lakin bunun tarixi imkan olduğunu dərk etməyən Ermənistan hakimiyyəti və xalqı Azərbaycan Prezidenti İlham Əliyevin sülh çağırışlarına hərbi təxribatlar və genişmiqyaslı hərbi əməliyyatlarla cavab verdi. Nəticədə Azərbaycanın 44 gün ərzində apardığı əks-hücum əməliyyatları Ermənistan üçün acı sonluqla yekunlaşdı. “Dəmir yumruq” əməliyyatının nəticələri isə hamıya məlumdur: təcavüzkar məğlub olub, kapitulyasiya elan etdi. Azərbaycan Paşinyanın yox, Köçəryan-Sarkisyan tandeminin yaratdığı ordunu məğlub etdi. Dövlətimizin başçısının dediyi kimi: “Köçəryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik”.

Amma hərbi kapitulyasiya Ermənistanın ödəməli olduğu yeganə nəticə olmadı. Noyabrın əvvəlindən işğalçı ölkədə davam edən siyasi xaos cəmiyyəti iki hissəyə parçaladı, “məğlubedilməz erməni ordusu” haqqında mif Azərbaycan Ordusu tərəfindən döyüş meydanında darmadağın edildi.

Ermənistanda keçirilən növbədənkənar seçkilərə toxunan E.Məcidov bildirib: “Ermənistandakı növbədənkənar parlament seçkiləri hakimiyyətə və erməni xalqına Azərbaycanla sülh şəraitində yaşamağa nail olmaq üçün ikinci şans verdi. Erməni xalqı Köçəryan və Sarkisyanın timsalında köhnə elitanın vədlərinə inanmayıb, revanşist qüvvələrin onları yenidən Azərbaycanla müharibə şəraitinə gətirəcəyindən qorxuya düşdüyündən, seçkilərdə onlara etimad göstərmədi. Seçkinin nəticəsi olaraq deyə bilərik ki, Prezident İlham Əliyevin “biz onlarla normal əməkdaşlığa hazırıq” fikri bəlkə də erməni xalqının seçiminə də təsir göstərdi və onu sanki oyatdı. Erməni xalqı anladı ki, düşmənçiliklə ancaq özünə ziyan vura bilər”.

Azərbaycanın müharibədən sonra təkcə Cənubi Qafqazda deyil, eləcə də dünyada mövqeyini daha da gücləndirdiyini bildirən ekspert bildirib: “İndi elə bir vəziyyət yaranıb ki, Ermənistanın təhlükəsizliyinə və iqtisadi inkişafına Azərbaycandan başqa heç bir ölkə zəmanət verə bilməz. Ermənistanın indiyə qədər müttəfiq və tərəfdaş adlandırdığı bütün güclər əslində ondan öz geosiyasi oyunlarında ilkin gedişlərdə qurban verilən “piyada” kimi istifadə etdilər. Ermənistanın xarici asılılıqdan qurtulmasının və beynəlxalq münasibətlərin müstəqil iştirakçısına çevrilməsinin siyasi formulu Azərbaycanın Ali Baş Komandanının sülh müqaviləsi təklifini qəbul etməkdən və Azərbaycanla münasibətlərin normallaşdırılmasından keçir. Ölkələrin qarşılıqlı sürətdə bir-birinin ərazi bütövlüyünü tanıması, Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi, Azərbaycanla beynəlxalq hüquq normaları çərçivəsində sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirməsi, mina xəritələrinin verilməsi, nəqliyyat-kommunikasiya xətlərinin və Zəngəzur dəhlizinin açılması onun dörd qonşu dövlətdən daha ikisi ilə əlaqələrinin bərpasına gətirib çıxaracaq ki, bu da onun iqtisadiyyat və təhlükəsizlik sahələrində xarici ianələrdən asılılığını tədricən azaldacaq. Amma bunun üçün Ermənistan öz mənfur iddialarından əl çəkməli və xarici siyasətini Azərbaycanın dediyi üslubda nəzərdən keçirməlidir. Əks halda, onlar inkişafa və xoş günlərə ümid etməməlidirlər. Nəticə etibarilə Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ya bu ölkə üçün yeni tarixi mərhələnin başlanğıcına, ya da “Ermənistan” adlı layihənin sona çatmasına gətirib çıxaracaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.