SİYASƏT


Siyasi ekspert: Prezident Ərdoğanın Füzuliyə səfəri iki qardaş ölkənin bundan sonra da hədəflərinə doğru çiyin-çiyinə addımlayacaqlarından xəbər verir

Bakı, 26 oktyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri önəmli bir tarixə - Füzuli Beynəlxalq Hava Limanının açılışına təsadüf etdiyi üçün ikiqat əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Füzuli Beynəlxalq Hava Limanı 8 ay ərzində, həm də ən müasir beynəlxalq standartlara uyğun olaraq inşa edilib. Belə qısa müddətdə inşa edilən aeroporta beynəlxalq hava limanı statusunun verilməsi isə həm görülən işlərin yüksək peşəkarlıqla həyata keçirilməsindən, həm Azərbaycanın bütövlükdə işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələrə qlobal miqyasda verilən önəmdən, dövlətimizin ərazi bütövlüyünə nüfuzlu beynəlxalq təsisatlar çərçivəsində göstərilən dəstəkdən, həm də ölkəmizin bu bölgədə davamlı təhlükəsizliyi, sabitliyi təmin etmək gücündə olduğunun qəbul edilməsindən xəbər verir. Şübhəsiz ki, belə bir hadisəni daha da əhəmiyyətli edən Füzuli Beynəlxalq Hava Limanına ilk beynəlxalq uçuşun həyata keçirilməsi və bunun qardaş Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə reallaşmasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəyli diqqətə çatdırıb ki, qardaş ölkənin Prezidenti işğaldan azad edilmiş ərazilərimizə artıq ikinci dəfədir səfər edir. İlk səfər bütün dünyaya Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, həmrəyliyinin əbədi olacağı barədə mesaj verən, XX və XXI əsrlərin ən mühüm tarixi hadisələrindən biri sayılacaq Şuşa Bəyannaməsinin imzalanması idi. İndi isə Azərbaycanın və Türkiyənin Qarabağın, bölgənin inkişafı ilə bağlı nəzərdə tutduqları hədəflərin necə reallaşmasının şahidi oluruq. Qarabağda həyata keçirilən bütün layihələr, o cümlədən Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın və onun ayrılmaz hissəsi olan Qarabağın regional və subregional hab statusunu daha da möhkəmləndirir, qlobal geoiqtisadi proseslərdə Azərbaycanın və Türkiyənin fəal iştirakı üçün yeni imkanlar açır.

“Bu gün bölgənin mənzərəsinin dəyişməsində iki qardaş dövlətin qarşılıqlı faydalı əməkdaşlığının böyük rolu var. Məhz Azərbaycan və Türkiyənin ayrı-ayrılıqda və birgə təşəbbüsləri nəticəsində həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verib, təkcə vahid bir xalqın deyil, regionda yaşayan bütün xalqların firavan həyatlarının təmin edilməsi üçün geniş imkanlar açıb”, - deyən siyasi ekspert əlavə edib ki, Prezident Ərdoğanın səfəri, həmçinin səfər çərçivəsində həyata keçirilən açılış və təməlqoyma mərasimləri Azərbaycanın və Türkiyənin bundan sonra da gələcək hədəflərinə doğru çiyin-çiyinə və qətiyyətlə addımlayacaqlarından xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.