SİYASƏT
Siyasi ekspert: Prezident İlham Əliyev ölkəmizin gələcəyini onilliklər əvvəldən düşünən müdrik strateqdir
Bakı, 6 noyabr, AZƏRTAC
Dövlətimizin başçısının Qubadlıya səfər etməsi bir sıra məqamlara görə əlamətdar və vacib hadisədir. Qubadlı Azərbaycanın şanlı Ordusu tərəfindən keçən il 44 günlük əməliyyatlar zamanı azad edilən əhəmiyyətli strateji ərazilərimizdən biridir. Qubadlının azad edilməsi Azərbaycanın Ermənistan ilə cənub sərhədinin bir hissəsinin bərpa olunmasına və Laçın istiqamətində yolun açılmasına səbəb oldu. Qubadlının düşmən tapdağından xilas edilməsindən sonra Azərbaycanın Laçının cənubunda olan kəndləri azad etməsi Ermənistanla separatçılar arasında logistika xətti olan Laçın dəhlizinin Ordumuz tərəfindən nəzarətə götürülməsinə imkan verdi. Göründüyü kimi Qubadlının azad olunması Azərbaycanın müharibədə Zəfər qazanması istiqamətində əldə etdiyi əvəzolunmaz bir taktiki qələbə idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov söyləyib.
Qubadlının mənəvi dirçəlməsi ilə yanaşı, onun maddi cəhətdən bərpa olunmasının da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan ekspert deyib: “Qubadlının əhalisinin sayının 30 il ərzində 28 mindən 40 minə çatması obyektiv olaraq yeni yaşayış binalarının, infrastruktur obyektlərinin və geniş yolların tikilməsini zəruri edir. 38 minlik əhali üçün 12 MVt elektrik enerjisinin kifayət etməsini qeyd edən dövlətimizin başçısı, bununla bərabər gələcəkdə əhalinin artacağına diqqət çəkərək 2040-cı ildə tələbatın 38 MVt olacağı səbəbindən indidən yarımstansiyaların tikilməsi ilə bu amilin nəzərə alındığını qeyd edib. Buradan biz iki vacib nəticə çıxara bilərik. Əvvəla, Azərbaycan növbəti 20 ildə Qubadlı əhalisinin 3 dəfəyədək artırılmasını bir demoqrafik məqsəd kimi hədəfləyib. Həmin məqsədə çatmaq üçün sosial-iqtisadi mühitin təməli artıq 2021-ci ildən qoyulur. Dövlətimizin başçısı burada özünü növbəti seçkiləri düşünən sıravi dünya siyasətçisi kimi yox, ölkəsinin gələcəyini onilliklərlə qabaqdan düşünən strateq kimi nümayiş etdirir.
Nəqliyyat-kommunikasiya xətlərinin bərqərar olması məqsədilə Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir. Həmin dördzolaqlı yol həm iqtisadi inkişafa, həm də gələcək mümkün hərbi təxribatları qabaqlamaq və dəf etmək məqsədilə ağır texnikanın tez bir zamanda fərqli döyüş meydanlarına cəlb etmək məqsədilə istifadə ediləcək. Qubadlı və Zəngilanın ehtiyaclarını təmin etmək məqsədilə gələn il istismara veriləcək Zəngilan Beynəlxalq Hava Limanını isə Zəngəzur dəhlizi istiqamətində atılan növbəti uğur kimi dəyərləndirmək olar. Səfər çərçivəsində təməli qoyulan Xanlıq-Qubadlı yolu, uzunluğu 26 kilometr, eni 7 metr olacağı planlaşdırılan Qubadlı-Eyvazlı avtomobil yolu, uzunluğu 23,5 kilometr olacağı planlaşdırılan Qubadlı-Xınzirək yolu isə gələcəkdə Zəngəzur dəhlizinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə çoxşaxəli əlaqələndirilməsi üçün indidən atılan vacib addımlardır”.
E.Məcidovun sözlərinə görə, region təkcə iqtisadi islahatlar və sosial proqramlarla dirçəlmir. İstənilən müharibə görmüş regionu yeni dağıntılardan qorumaq üçün onun ilk növbədə təhlükəsizliyini təmin etmək məqsədəuyğundur. Bu səbəbdən Qubadlı şəhərinin Baş planının praktikada reallaşmasından qabaq Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılması həm strateji reallıq, həm də iqtisadi düşüncə baxımından məntiqidir. 25 hektarlıq hərbi hissənin helikopterlər, “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri ilə təchiz olunması bir tərəfdən Ermənistanı Azərbaycana qarşı yeni təxribatçı addımlardan, Laçın dəhlizi vasitəsilə Qarabağa silah daşıma cəhdlərindən çəkindirəcək, digər tərəfdən isə Qubadlıda planlaşdırılan iqtisadi-infrastruktur layihələri real və potensial təhlükələrdən müdafiə edəcəkdir.