SİYASƏT
Siyasi ekspert: Türkiyənin Azərbaycana dəstəyi ölkəmizə qarşı ola biləcək istənilən təhdidə biganə qalmayacağının sübutudur
Bakı, 26 oktyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsini tarixi hadisə kimi dəyərləndirmək olar. Türkiyə Prezidentinin Füzuliyə səfəri Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbəsindən sonra regiona üçüncü səfəridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri siyasi ekspert Elman Vəliyev ifadə edib.
Siyasi ekspert bildirib ki, iki müttəfiq dövlətin liderlərinin belə görüşləri birlik rəmzi olmaqla bərabər, region dövlətlərinə də mesajdır. Bildiyimiz kimi, Rəcəb Tayyib Ərdoğan daha əvvəl Şuşaya səfər edərək Prezident İlham Əliyevlə Şuşa Bəyannaməsini imzalamışdı. Bu Bəyannamədən sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi Türkiyənin Azərbaycanın yanında olduğunun, ona qarşı ola biləcək istənilən təhdidlərə biganə qalmayacağının sübutudur. Həmçinin iki Liderin işğaldan azad edilmiş ərazilərdə görüşməsi düşmənlərə aşkar bir mesajdır. Əminəm ki, bu səfər də bölgədə sabitlik üçün çox əhəmiyyətli olacaq.