ELM VƏ TƏHSİL


Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi keçiriləcək

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 11–dən 16-dək “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Qubada siyasi elmlər və diplomatiya üzrə yay məktəbi təşkil ediləcək.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yay məktəbinin keçirilməsində əsas məqsəd tələbələrə müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv qiymətləndirilməsi, baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, müxtəlif siyasi səpkili mövzularda interaktiv müzakirələrdə iştirak etmək imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır.

Xarici dil biliklərinə malik və humanitar ixtisaslar üzrə təhsil alan tələbələrdə siyasi elmə marağın artırılmasına hədəflənən yay məktəbində beynəlxalq münasibətlər, beynəlxalq hüquq, siyasi elmlər, politologiya və regionşünaslıq ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri, qeyd olunan ixtisaslarda magistratura səviyyəsində təhsil alanlar və son iki ildə məzun olmuş gənc peşəkarlar, yüksək motivasiya, təşəbbüskarlıq, strateji və sistemli düşünmə bacarığı, komanda işi, şəxsi səmərəlilik, düzgün qərarlar qəbul etmək bacarıqlarına sahib gənclərin iştirakı nəzərdə tutulur.

Yay məktəbində iştirak etmək istəyənlər və müvafiq tələblərə uyğun gələn şəxslər Təhsil Nazirliyinin saytındakı keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün müraciətlərin son qəbul günü iyulun 5-dir. Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və ya müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Yay məktəbinin proqramı haqqında daha ətraflı məlumat seçilən iştirakçılara təqdim olunacaq.

Yay məktəbinin bir çox sessiyaları ingilis dilində nəzərdə tutulduğundan, ingilis dili üzrə səlis danışıq və yazı qabiliyyətinin olması (Digər dilləri bilmək üstünlükdür) arzuolunandır.

Qeyd edək ki, yay məktəbi zamanı yüksək ixtisaslı müəllimlər və mütəxəssislər tərəfindən təşkil olunacaq mühazirələrin yer alması, habelə siyasi müstəvidə müxtəlif mövzular üzrə debatların təşkili nəzərdə tutulur. Həmçinin düşərgədə iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli istifadəsi məqsədilə müxtəlif idman və bilik yarışların keçirilməsi planlaşdırılır.

Təlimlər ingilis və Azərbaycan dillərində keçiriləcək. Əlaqə: [email protected] (Subject: Summer School)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.