ELM VƏ TƏHSİL
Siyasi elmlər və diplomatiya üzrə yay məktəbinə qeydiyyat bu gün başa çatır
Bakı, 5 iyul, AZƏRTAC
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə iyulun 11–dən 16-dək Quba rayonunda siyasi elmlər və diplomatiya üzrə keçiriləcək yay məktəbinə qeydiyyat bu gün yekunlaşır.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yay məktəbinin keçirilməsinin əsas məqsədi tələbələrə müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, müxtəlif siyasi səpkili mövzularda interaktiv müzakirələrdə iştirak etmək imkanının yaradılmasıdır.
Yay məktəbi zamanı yüksəkixtisaslı müəllimlər və mütəxəssislər tərəfindən təşkil olunacaq mühazirələrin yer alması, habelə siyasi müstəvidə müxtəlif mövzular üzrə debatların təşkili nəzərdə tutulur. Həmçinin düşərgədə iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli istifadəsi məqsədilə müxtəlif idman və bilik yarışların keçirilməsi planlaşdırılır.
Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və ya müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Yay məktəbinin proqramı haqqında daha ətraflı məlumat seçilən iştirakçılara təqdim olunacaq.
Təlimlər ingilis və Azərbaycan dillərində keçiriləcək.