SİYASƏT


Siyasi şərhçi: Aİ-nin mülki missiyası özü ilə “erməni terroru” gətiribmiş

Siyasi şərhçi: Aİ-nin mülki missiyası özü ilə “erməni terroru” gətiribmiş

Bakı, 16 mart, AZƏRTAC

Avropa İttifaqının Ermənistanda “müşahidə aparan” mülki missiyasının görmə və eşitmə qabiliyyəti, deyəsən, yox dərəcəsindədir. Elə olmasaydı, regiona gəldikləri gündən orada baş verən hadisələri görər və eşidərdilər. Mülki missiya üzvlərinin dediklərinə görə, son bir həftə ərzində regionda baş verənlərlə bağlı gizli ötürdükləri hesabatlarda hər hansı bir insidentin baş verdiyini görməyiblər və eşitməyiblər. Onlar kimə və hara hesabat verdiklərini açıqlamayıblar. Ancaq açıq şəkildə hiss etmək olur ki, “müşahidəçilər” onları Ermənistana göndərən ağalarına hesabat verir və qabaqcadan tapşırıldığı kimi, erməni silahlı birləşmələrinin atəşkəs rejimini pozmalarını, səngər qazaraq müharibəyə hazırlıq görmələrini, gizli yollarla Xankəndidə məskunlaşmış erməni separatçılarına Ermənistandan silah-sursat, canlı qüvvə, Azərbaycan ərazilərinə basdırmaq üçün daşıdıqları minaları görməməlı və eşitməməlidirlər. Necə deyərlər, erməni separatçılarının törətdikləri bəd əməllərə kor və lal olmalıdırlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, Avropa İttifaqının mülki missiyası, guya, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılmasına çalışacaq. Ancaq hadisələrin gedişi göstərir ki, mülki missiya regiona sanki özü ilə “erməni terroru” gətirib: “Çünki Aİ-nin mülki missiyası Ermənistana gəldiyi günün ertəsi, yəni, fevralın 21-dən erməni silahlı birləşmələrinin terror aktları səngimək bilmir. Əslində, missiyanın regiona gəlişinə qədər nisbi sakitlik yaranmışdı. Fevralın 20-dən sonra isə gərginlik getdikcə artmağa başladı. Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunub. Bununla bağlı beynəlxalq təşkilatlara dəfələrlə müvafiq bəyanatlarla müraciət edilib. Lakin Aİ-nin müşahidə missiyasının gəlişindən sonra belə hallar intensiv xarakter alıb. Təəccüblüdür ki, erməni silahlı birləşmələrinin ərazilərimizi iri çaplı pulemyotlardan atəşə tutmaları barədə də missiya üzvləri heç bir məlumat “eşitməyiblər”.

Ə.Bədəlov deyib ki, müşahidə missiyası üzvlərinin dediklərinə görə, guya, ərazidə monitorinq aparıblar və hər hansı bir təxribatın şahidi olmayıblar. Bu fakt avropalı “demokratların” riyakarlığının və beynəlxalq hüququn normalarına hörmətsizliyin bariz nümunəsidir. Əslində, bütün bunlar missiya üzvlərinin fəaliyyətsizliyindən və dolayısı ilə separatçı rejimə dəstək verməsindən irəli gəlir: “Necə olur ki, dünya ictimaiyyəti Ermənistan hərbçilərinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi növbəti hərbi təxribatdan, Azərbaycan hərbçilərinin qətlə yetirilməsindən xəbərdardır, Avropa İttifaqının mülki missiya müşahidəçiləri isə bu təxribatı görmürlər. Nə qədər siyasi kor və kar olmaq lazımdır ki, belə bir təxribatdan xəbərsiz olasan. Demokrat qiyafəsində zühur edən Avropa İttifaqı Ermənistanla Azərbaycanın sərhəd ərazilərində sabitliyə beləmi töhfə verir? Yəni, doğurdanmı missiyanı Ermənistana göndərən avropalı “ağıllılar” hələ də dərk etmirlər ki, indiyədək Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməyib. Əslində, bu səbəbdən də Avropa İttifaqının Ermənistana müşahidə missiyası göndərməsi beynəlxalq hüququn normalarına ziddir”.

Siyasi şərhçi deyib ki, əslində, Ermənistan bu missiyanı öz ərazisinə gətirməklə indi də Avropa İttifaqının qoltuğuna sığınmaq istəyir. KTMT-dən istədiyini ala bilməyən işğalçı ölkə ümidini Fransaya bağlayıb: “Axı, Fransa da Ermənistan kimi işğalçı, dağıdıcı ölkədir. Ona görə də Avropa İttifaqının mülki missiyası adı altında Cənubi Qafqazda yerləşmək istəyir. Ermənistan Fransaya bu hüququ verə bilər, ancaq Azərbaycanın söz haqqı özündədir. Fransa həmişə Ermənistanın terror aktlarına bir həqiqət donu geyindirməyə çalışıb. Elə götürək yaxın günlərdə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda ermənilərin törətdikləri terror aktını. Fransa bu hadisədə Azərbaycan tərəfini günahkar çıxarmaq, Ermənistana isə haqq qazandırmaq istəyir. Belə bir yalan uydurub ki, guya, Azərbaycan hərbçiləri Ermənistanın hərbi polisinə hücum edib. Fransa bu riyakarlığı ilə özünün iç üzünü, beynəlxalq hüququn normalarına saymazlığını bir daha ortaya qoydu və ölkəmizə qarşı qərəzli olduğunu növbəti dəfə nümayiş etdirdi”.

Ə.Bədəlov deyib ki, 26 ildən artıq ATƏT-in Minsk qrupunda vasitəçilik missiyasını yerinə yetirə bilməyən bir ölkə bu gün Avropa İttifaqının müşahidəçi missiyası adı altında Cənubi Qafqazda söz sahibi olmaq istəyir. Qərəzli, əsassız bəyanatları Fransanın məqsədinin nədən ibarət olduğunu bir daha ortaya qoyur.

“Hesab edirəm ki, Avropa İttifaqının müşahidə missiyası , nəhayət, siyasi riyakarlığa son qoymalı, gözlərini və qulaqlarını təmizləyərək, regionda baş verən hadisələri real qiymətləndirməlidir”, – deyə siyasi şərhçi bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.