SİYASƏT
Siyasi şərhçi: Seçkilər göstərdi ki, erməni xalqı eyforiyadan ayılır
Bakı, 11 dekabr, AZƏRTAC
Seçkilər zamanı saxtakarlıq, opponentlərə qarşı dözümsüzlük və bu kimi mənfi halları bir kənara qoyaraq bu aylar ərzində Nikol Paşinyanın hansı maliyyə ilə ayaqda qalması maraqlı məqamlardan biridir. Özünü demokratiyanın carçısı kimi qələmə verən Paşinyan əslində ölkədə birhakimiyyətli oğru sisteminin əsasını qoymuş oldu. Korrupsiyaya qarşı mübarizə kimi şüarlarla hakimiyyəti küçə inqilabının nəticəsi olaraq dəyişdirən Paşinyan bu dövr ərzində ancaq korrupsiya adı altında siyasi opponentlərinə qarşı mübarizə ilə yadda qaldı. Parlament seçkilərinin cəmi 12 gün çəkən təbliğatına 560 min dollar xərcləyən Paşinyan ikinci və üçüncü yerdə qərarlaşan siyasi partiyaları 4-5 dəfə üstələmiş oldu. Onun maliyyə mənbəyinin və donorlarının kim olması maraqlı məqamlardandır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov bildirib.
O deyib: “2017-ci ilin mart seçkilərindəki 60,84 faiz seçici fəallığının bu ilin dekabr ayındakı seçkilərdə 48,63 faiz səviyyəsinə düşməsi hansı amillərlə bağlı ola bilər? Seçkiyə qatılanların 70 faizinin yalnız 30-35 faizi Paşinyan komandasına səs verib. Faktiki olaraq 8 ay ərzində hakimiyyətdə olmasına baxmayaraq, Paşinyanın dövlətin heç bir sahəsi, gələcəyi ilə bağlı proqramı, real baxışı yoxdur. Eyforiyadan yavaş–yavaş oyanan erməni cəmiyyəti bu seçkilərdə Paşinyanın qalib gələcəyini anlayaraq heç bir siyasi namizədə dəstək olmayaraq mövcud siyasi proseslərə qarşı öz etirazlarını bildirmiş oldu.
Aprel ayındakı seçkilərin nəticəsi olaraq, dörd siyasi qüvvənin təmsil ediləcəyi parlamentdə bu dəfə üç subyekt təmsil olunacaq. Bu, hakim “Mənim addımım” blokundan başqa ilk günlərdən Paşinyanı dəstəkləyən “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarıdır. Əgər birincinin lideri guya Rusiyaya yaxınlığı ilə tanınırsa, ikinci partiya qərbyönlü istiqaməti ilə seçilərək parlamentə avropaçılıq mənzərəsi qatmağa çalışacaq. Maraqlı məqamlardan biri “Sasna Tser” adlı radikal qruplaşmanın parlamentdə yer almaması ilə bağlıdır. Görünən odur kı, radikal yolla hakimiyyətə gələn Paşinyan özükimilərdən çəkinərək onların parlamentdə yer almalarına qəti şəkildə etiraz etdi.
Beləliklə, seçkilər arxada qaldı. Ermənistanın hazırkı blokada vəziyyətindən yaxa qurtarması, sosial–iqtisadi sahədə inkişafa nail olması və ümumiyyətlə, Ermənistanın qapalı yerdə gizlənən dövlətdən regiondakı proseslərdə iştirak edən fəal subyektə çevrilməsi üçün Qarabağ danışıqlarında konstruktivliyi vacibdir. Əks təqdirdə, Paşinyanı Sarkisyanın aqibəti gözləyir.