Siyasi şərhçi: Terror aktına görə məsuliyyət molla rejiminin üzərinə düşür
AzerTAg.az

Bakı, 27 yanvar, AZƏRTAC
Bu terror aktı molla rejiminin Azərbaycan dövlətinə və xalqına bəslədiyi düşmənçilik hissindən qaynaqlanır.
Azərbaycan səfirliyinə qarşı həyata keçirilən terror aktı ilə bağlı İran tərəfinin yalan məlumatlar yayması böyük şübhələr yaradır. İran rəsmi orqanları silahlı hücumla bağlı uydurma ehtimallar irəli sürməklə cinayətin əsl mahiyyətini gizlətmək, həqiqəti ört-basdır etməyə çalışır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli söyləyib.
İranda bu kimi terror aktlarının əvvəllər də baş verdiyini diqqətə çatdıran siyasi şərhçi deyib: “İran daim terrora dəstək verən ölkə kimi tanınıb və bu ölkədə tarixən terrorçular üçün münbit şərait mövcuddur. Belə olduğu halda rəsmi Tehran diplomatik korpusların, xarici nümayəndəliklərin təhlükəsizliyinə necə zəmanət verə bilər? Digər tərəfdən, İranın ölkəmizə qarşı tutduğu düşmənçilik mövqeyi sirr deyil.
Xüsusilə də, son iki ildə İran tərəfinin təhdidləri, bizimlə açıq hədə dili ilə danışması hər kəsə məlumdur. Bütün bunlar deməyə əsas verir ki, bu gün Azərbaycan səfirliyinə edilən silahlı hücum əvvəlcədən məqsədli şəkildə planlaşdırılmış terror aktıdır. Bu terror molla rejiminin Azərbaycan dövlətinə və xalqına bəslədiyi düşmənçilik hissindən qaynaqlanır. Tam əminliklə demək olar ki, terrorçuların planı bütün səfirlik əməkdaşlarını qətlə yetirmək olub. Əgər mühafizəçilər bunun qarşısını almasaydı, cinayətkar öz məqsədinə çatacaqdı. Şübhəsiz ki, burada məsuliyyət tam olaraq molla rejiminin üzərinə düşür".
Sahil Kərimli qeyd edib ki, baş vermiş qanlı terror aktı Azərbaycan dövləti və cəmiyyəti tərəfindən haqlı olaraq hiddətlə qarşılanır. "Biz inanmaq istərdik ki, İranın dövlət qurumları baş vermiş cinayəti obyektiv araşdıracaq, terror aktını planlaşdıran, həyata keçirən qüvvələrin əhatəsini tam müəyyənləşdirərək məsuliyyətə cəlb edib ciddi cəzalandıracaq. Amma təəssüf ki, buna ümid çox azdır. Çünki İran siyasi rəhbərliyinin əsl mahiyyəti bizə yaxşı bəllidir", - deyən siyasi şərhçi fikirlərini yekunlaşdırıb.
Xəbərin mətnində orfoqrafik səhv var