SİYASƏT


Siyavuş Novruzov: Zəngin dövlətçilik tariximizin müstəqillik zirvəsi

Bakı, 28 may, AZƏRTAC

Çoxəsrlik dövlətçilik tariximiz şanlı, şərəfli, qürurverici anlar və məqamlarla zəngindir. Mənəvi-siyasi və tarixi əhəmiyyəti müstəsna olan dəyərli və parlaq səhifələrdən biri də 104 il əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasıdır. Bu, sadə və sıradan deyil, möhtəşəm tarixi hadisə idi. Çünki Şərqdə ilk parlamentli və demokratik respublika olan Xalq Cümhuriyyətinin timsalında Azərbaycan xalqı yeni bir dövlətçilik ənənəsinin əsasını qoydu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib: “Doğrudur, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü 23 ay oldu. Amma kəmiyyət etibarilə az və qısa olan bu tarixi dönəm keyfiyyətcə dərin izlər buraxdı. Milli dövlətçilik ənənələrinin qorunması və inkişafına xidmət göstərən əhəmiyyətli islahatlar həyata keçirildi. Müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul edildi. Xalq hakimiyyətinin və insanların bərabərliyinin təsbit edilməsi, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verilməsi, irqi, milli, dini, sinfi bərabərsizliyini aradan qaldırılaraq demokratik idarəetmə sisteminin formalaşdırılması, Şərqdə qadınlara ilk dəfə seçib-seçilmək hüququnun verilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan parlamentinin fəaliyyəti demokratik ənənələrin formalaşdırılması baxımından böyük əhəmiyyətə malik oldu. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 82-dən çox qanun layihəsi hazırladı və onların böyük əksəriyyətini qəbul etdi”.

Komitə sədri qeyd edib ki, həmin dövrdə Milli Ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının qəbul edilməsi, məktəblərin milliləşdirilməsi, milli kadr siyasətinin aparılması, Azərbaycan dilinə dövlət dili statusu verilməsi və bu kimi digər tarixi əhəmiyyətə malik olan addımlar milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə çox mühüm töhfələr verdi.

Müstəqil Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edən Ulu Öndər hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərib və cümhuriyyət tarixinin, irsinin öyrənilməsini vacib sayıb. Prezident İlham Əliyev də cümhuriyyətə, onun qurucularına böyük hörmət və ehtiram ifadə edən mühüm qərarlar qəbul edib. Dövlətimizin başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir.

“Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Heydər Əliyevin milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində Xalq Cümhuriyyətinin taleyini yaşamaq – müstəqilliyini itirmək təhlükəsindən xilas olub. Ümumiyyətlə, dövlət müstəqilliyimizin bərpasından əvvəl dövlətçilik ənənələrinin qorunması və yaşadılması məhz Ulu Öndərimizin adı ilə bağlıdır. Heydər Əliyev Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçildikdən sonra mühüm addımlar atmaqla tarixi və siyasi ənənələrimizin bərpasına nail olub. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda üçrəngli bayrağımız yenidən qaldırılıb, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarılıb. O dövrdə, həmçinin 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması ilə əlaqədar qərar qəbul edilmişdi ki, bu da xalqımızın həmrəyliyinə xidmət edən çox mühüm addım idi. Eyni zamanda, həmin vaxt Naxçıvanda əhalinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilməsi tarixi hadisələrdən biridir. Ümummilli Liderimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə xalqımızın xilası, dövlətimizin qurtuluşu oldu. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas etdi, inkişaf yoluna çıxardı, dövlət müstəqilliyini möhkəmləndirdi”, - deyə S.Novruzov bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, Ümummilli Liderimizin əsasını qoyduğu siyasəti inamla, uğurla və qətiyyətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycana möhtəşəm tarixi nailiyyətlər qazandırıb. Bu gün müstəqil Azərbaycan dünyada yüksək nüfuza malik olan qüdrətli dövlət kimi tanınır. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük müharibədə Qələbə qazanılması, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması isə çoxəsrlik dövlətçilik və müstəqillik tariximizin zirvə hadisəsidir. Müzəffər xalqın nümayəndələri, qalib dövlətin məğrur vətəndaşları kimi qürurla, iftixarla qeyd edirik ki, Azərbaycan Xalq Cümhuriyyətindən miras qalan üçrəngli bayrağımız ən yüksək zirvələrdə əzəmətlə dalğalanır – müstəqil Azərbaycanın qüdrətini, yenilməzliyini ifadə edir.

Yaşasın müstəqil Azərbaycan dövləti! Var olsun xalqımız! Yaşasın Müzəffər Ali Baş Komandanımız!

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.