REGİONLAR


Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu əsaslı şəkildə yenidən qurulur VİDEO

Bakı, 30 sentyabr, AZƏRTAC

Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan böyükmiqyaslı tikinti və bərpa işləri davam edir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu əsaslı şəkildə yenidən qurulur, əsasən torpaq əsaslı olan 27 kilometr uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri mindən çox əhalinin yaşadığı 9 kəndi birləşdirir. Əsaslı şəkildə bərpasına ehtiyac olan yolun eni 7 metrə qədər genişləndirilir. Ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülür.

Tikinti işləri çərçivəsində suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası da həyata keçirilir.

Texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq yol əsasının tikintisi, daha sonra 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq.

Sonda yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, kilometr göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görüləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti ilə tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.