SİYASƏT


Siyəzən, Qəbələ və Kürdəmirə raket hücumu: Düşmən müharibə cinayətləri törətməkdə davam edir

Bakı, 22 oktyabr, Əsəd Məmmədov, AZƏRTAC

Azərbaycan Ordusunun sentyabrın 27-də ermənilərin növbəti təxribatından sonra başladığı əks-hücum əməliyyatı uğurla davam edir. Artıq Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri də daxil olmaqla, 120-dən çox yaşayış məntəqəsi düşməndən azad edilib. Əsgərlərimizin böyük qələbə uğrunda mübarizəsi davam edir. Döyüş meydanından qaçan düşmən isə müharibə cinayətlərindən əl çəkmir. Demək olar ki, hər gün yaşayış məntəqələrimiz, dinc sakinlər, mülki obyektlərimiz Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalır. Məğlub ölkənin, məğlub ordunun çarəsizliyindən irəli gələn bu cinayət əməlləri isə nə xalqımızı, nə də Ordumuzu əsas amaldan yayındıra bilməz.

Ötən günlərdə düşmənin Gəncə, Mingəçevir şəhərləri, Tərtər, Ağdam, Şəmkir, Bərdə, Naftalan, Ağcabədi, Xızı, Füzuli, Cəbrayıl, Beyləqan və digər yaşayış məntəqələrimizə xain hücumlarının şahidi olmuşduq. Bu gün səhər isə Siyəzən, Qəbələ və Kürdəmirin raket atəşinə tutulmasının şahidi olduq. Əsas turizm məkanlarımızdan olan Qəbələnin raket atəşinə tutulması da düşmənin hiyləgər niyyətindən xəbər verir. Qəbələdə 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində 5 evə ciddi ziyan dəyib. Həmçinin düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb. Lakin raketin Azərbaycan Ordumuzun Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi nəticəsində onun hissələri su kəmərinin yaxınlığına düşüb.

Müharibə dövründə Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 63 nəfər həlak olub, 292 nəfər isə xəsarət alıb. Yalnız düşmənin hərbi obyektlərini, mövqelərini hədəfə alan Azərbaycan Ordusu məhz döyüş meydanında düşmənə ağır zərbələr endirməklə ermənilərin bu cinayətlərinin qisasını alır.

Azərbaycan xalqı bu cinayətlərə baxmayaraq, Ali Baş Komandanın ətrafında sıx birləşərək Ordumuza dəstəyini ifadə edir. Düşmənin mülki insanlara qarşı bu cinayətlərindən əziyyət çəkən insanlar heç nədən çəkinmədiklərini, baş verənlərin onları qorxutmadığını bildirir və əldə silah torpaqlarımızın müdafiəsinə hazır olduqlarını bildirirlər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, torpaqlarımızın azad olunması ilə bağlı xəbərləri bir daha bizləri əmin edir ki, dövlətimizin başçısının sarsılmaz iradəsi, Ordumuzun qüdrəti sayəsində bütün torpaqlarımız işğalçılardan azad ediləcək və üçrəngli bayrağımız zəbt olunmuş bütün torpaqlarımızda dalğalanacaq. Bu gün hər kəs bu məqsəd ətrafında sıx birləşib. Evləri, mülki obyektləri dağılan insanlar qətiyyən narahat deyillər, əksinə, bütün əmlaklarını, mülklərini ərazi bütövlüyümüzün bərpası yolunda fəda etməyə hazır olduqlarını vurğulayırlar.

Qeyd edək ki, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1981 ev, 90 çoxmənzilli yaşayış binası və 386 mülki obyekt yararsız vəziyyətə düşüb.

Əlbəttə ki, güclü dövlətimiz tərəfindən bu ziyan tam aradan qaldırılacaq. İnsanlar bundan sonra o ərazilərdə qəhrəman və qalib xalqın nümayəndələri kimi firavan yaşayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.