REGİONLAR
Siyəzən polisi 60 kiloqrama yaxın narkotik aşkarlayıb
Siyəzən, 27 iyun, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri becərməkdə şübhəli bilinən rayon sakini Əli Məlikov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun yaşadığı evə keçirilən baxış zaman həyətyanı sahədə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi 57 kiloqram 530 qram təşkil edən 81 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.
Polis Şöbəsi əməkdaşlarının eyni gündə keçirdikləri digər əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayon sakini Zəfər Qəniyev də saxlanılıb. Z.Qəniyevə məxsus həyətyanı sahədən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş, ümumi çəkisi 2 kiloqramdan artıq olan 14 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.
Dindirilmə zamanı hər iki şəxs narkotik tərkibli bitkiləri şəxsi istifadələri üçün yetişdirdiklərini etiraf ediblər.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.