REGİONLAR
Siyəzən rayonunda 6 min 972 hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunacaq VİDEO
Siyəzən, 14 aprel, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonu ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədilə görülən işlər, ümumilikdə, 12 min 964 hektar sahəni əhatə edəcək.
AZƏRTAC xəbər verir ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər nəticəsində Siyəzən rayonunda 6 min 972 hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunacaq. Bununla yanaşı layihəyə görə 5 min 992 hektar mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması da mümkün olacaq.
Layihənin ilkin mərhələsində ümumi uzunluğu 28 min 790 metr olan Ceyranbatan-Siyəzən paylayıcı su kəməri çəkilib.
Siyəzəndə mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron su kanalından götürülən suyun hesabına reallaşacaq. Kanallardan götürülən su Ceyranbatan-Siyəzən paylayıcı su kəməri vasitəsilə rayon ərazisinə veriləcək. Bununla yanaşı, layihə çərçivəsində Siyəzəndə 61 min 488 metr qapalı, 15 min 375 metr açıq drenaj şəbəkəsi də qurulub.
Layihə çərçivəsində görülən tədbirlər nəticəsində 2015-ci ildə Siyəzən rayonu ərazisində 3 min 204 hektar sahənin su təchizatı istiqamətində işlər yekunlaşıb. Bu sahələrdən 2 min 539 hektarı ilk dəfə suvarılan ərazilərdir. 2016-cı ilin sonuna qədər rayonda daha 2 min 283 hektar sahənin su təchizatının yaxşılaşdırlması və suvarma suyu ilə təmin edilməsi mümkün olacaq.
Rayonda yeni istifadəyə veriləcək suvarılan torpaqlarda taxıl və yem məhsullarının əkilməsi daha məqsədəuyğundur.