CƏMİYYƏT


Siyəzən və Tovuz rayonlarında mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərindən pul, tütün məmulatları və digər qiymətli əşyaların oğurlanması hallarına qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin sentyabrın 21-də naməlum şəxslər Siyəzən rayonunda İsgəndər İsgəndərova məxsus mağazanın şüşəsini sındıraraq obyektə daxil olub, oradan pul, tütün məmulatları və digər əşyalar oğurlamaqla zərərçəkənə ümumilikdə 2400 manat ziyan vurublar.

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Emin Muradov, Tovuz rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Eşqin Ələkbərov və Elşən Novruzov tutularaq istintaqa cəlb olunublar. Saxlanılan zaman onlara məxsus idman çantasından cinayətdə istifadə etdikləri maskalar, metal linglər və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb.

Araşdırma zamanı dəstə üzvlərinin törətdikləri başqa cinayətlərin də üstü açılıb. Belə ki, onlar ifadələrində Tovuz rayonunda da 2 mağazadan oğurluq etdiklərini də etiraf ediblər.

Qeyd edilən faktlarla bağlı Siyəzən Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.