CƏMİYYƏT
Siyəzəndə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa təşkil edilib
Bakı, 25 may, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mayın 25-də rayonun Heydər Əliyev Mərkəzində ictimaiyyətin, gənclərin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC İSİM-ə istinadla bildirir ki, tədbiri giriş sözü ilə Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üçün komissiyanın məsul katibi Günel Ağayeva açaraq, ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərdən danışıb, yeni nəslin sağlam inkişafının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva geniş təqdimatla çıxış edərək, sağlam həyat tərzinin təbliği məqsədilə paytaxtda və regionlarda silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib: “Tütünçəkmə dünya əhalisinin qarşısı alına bilən əsas ölüm səbəblərindən biridir. Unutmayaq ki, insanların əksəriyyəti siqaret çəkmir. Çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır. Onların həvəsləndirilməsi, eləcə də zərərli vərdişlərə qarşı mübarizənin daha effektiv, səmərəli aparılması üçün birgə əməkdaşlıq, ictimaiyyətin dəstəyi vacib rol oynayır”. İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev diqqətə çatdırıb ki, tütün tüstüsünün təsiri nəticəsində ildə təxminən 8 milyon insan dünyasını dəyişir: “Ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun qəbul edilməsi əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır. İnsanın təmiz, tərkibində zəhərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ tütün çəkənlərin ictimai yerlərdə siqaret çəkmək və bununla da digər insanların sağlamlığını təhlükədə qoymaq hüququndan qat-qat üstündür”.
Dəyirmi masa iştirakçıları çıxış edərək, maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb, tütünçəkmənin sağlamlığa zərərlərindən söz açıb, şəxsi təcrübələrini bölüşərək yeni nəsli zərərli vərdişlərdən uzaq olmağa səsləyiblər.
Mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.