REGİONLAR
Siyəzəndə güclü külək nəticəsində dəyən ziyanla bağlı sakinlər tərəfindən 30 müraciət edilib VİDEO
Xaçmaz, 9 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 7-də əsən güclü külək nəticəsində evlərinə və yardımçı tikililərinə dəyən ziyanla bağlı Siyəzən Rayon Fövqəladə Hallar Komissiyasına sakinlər tərəfindən 30 müraciət daxil olub.
Rayon fövqəladə hallar komissiyasının sədri Zəfər Əliyev AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, dekabrın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin nümayəndələri ilə birlikdə ziyan dəyən məktəblərə və evlərə baxış keçirilib.
Məlum olub ki, güclü külək nəticəsində Siyəzən şəhər 4 nömrəli və Qozağacı kənd orta məktəblərinin dam örtüyü yararsız hala düşüb. Bundan əlavə, şəhər ərazisində, eləcə də rayonun Beşdam, Kiçik Həmyə, Qozağacı və Qalaşıxı kəndlərində bəzi yaşayış evlərinin dam örtüyünə və hasarlarına, eləcə də bir sıra yardımçı tikililərə ziyan dəyib.
Komissiyanın sədri diqqətə məlumat verib ki, hazırda mütəxəssislər dəyən ziyanın məbləğini hesablayırlar.
Zəfər Əliyev qeyd edib ki, artıq Siyəzən şəhər 4 nömrəli tam orta məktəbinin dam örtüyü daxili vəsait hesabına təmir edilir. Küləyin fəsadlarının tam aradan qaldırılması üçün lazım olan vəsait FHN tərəfindən ayrılacaq.