REGİONLAR
Siyəzəndə intellektual oyun üzrə rayon kubokunun qalibləri müəyyənləşib
Siyəzən, 28 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 28-də Siyəzən Gənclər Mərkəzində “Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon çempionatının qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Gənclər və İdman İdarəsinin Rayon Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi intellektual yarışın final mərhələsində gənclərdən ibarət 6 komanda mübarizə aparıb.
Çempionat gənclərin intellektual səviyyəsinin və dünyagörüşünün artırılması, intellektual oyunların gənclər arasında təbliği, eləcə də istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyıb.
Gərgin keçən bilik yarışının nəticəsinə əsasən “Avengers” komandası I yeri tutaraq rayon kubokunun sahibi olub. “Marşal” və “Legend” komandaları isə müvafiq olaraq II və III yerləri bölüşüblər.
Mükafatlandırma mərasimində Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və Rayon Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev intellektual oyunların əhəmiyyəti haqqında çıxış edərək, qalib komandaları təbrik edib, bundan sonrakı yarışlarda uğurlar arzulayıblar.
Qalib komandalara təşkilatçılar tərəfindən kubok və fəxri fərmanlar təqdim olunub.