REGİONLAR
Siyəzəndə mağazadan soyğunçuluq edən iki qardaş saxlanılıb VİDEO
Siyəzən, 6 may, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Zarat kəndində mağaza sahibinə qarşı soyğunçuluq edən iki qardaşı - Turxay və Elşən Fərzəliyevləri saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, saxlanılan qardaşlar qabaqcadan əlbir olaraq kənd ərazisində yerləşən ərzaq malları mağazasına daxil olublar. Bu zaman T.Fərzəliyev mağaza sahibinin onlara müqavimət göstərməməsi üçün qollarını tutub, E.Fərzəliyev isə kassadan 126 manat pulu götürüb. Sonra onlar həmin ərazidən uzaqlaşıblar.
Dindirilmə zamanı Turxay və Elşən Fərzəliyevlər törətdikləri hadisəni səmimi etiraf edərək, peşman olduqlarını bildiriblər.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.