REGİONLAR
Siyəzəndə məktəblilər arasında virtual rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Siyəzən, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “20 Yanvar Milli qürur günümüzdür!” mövzusunda virtual rəsm müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvar ayının əvvəlindən elan olunan müsabiqəyə 67 əl işi təqdim edilib.
Siyəzən Rayon Gənclər və İdman İdarəsinin Rayon Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi müsabiqə yeniyetmə və gənclərə vətənpərvərlik və vətəndaşlıq hisslərinin aşılanması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, habelə istedadlı yeniyetmə və gənclərin aşkara çıxarılması məqsədi daşıyır.
Müsabiqənin nəticəsinə əsasən şəhər 4 saylı tam orta məktəbin şagirdi Qızqayıt Mütəllimova I, Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdi Xəyal Zülfüqarov II, Balaca Həmyə kənd tam orta məktəbin və Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri Firuzə Eyvazlı və Günel Qabilova isə III yerlərə layiq görülüblər.
Qaliblər fəxri fərmanlarla təltif ediliblər.