REGİONLAR


Siyəzəndə narkotik satan dəstə üzvləri saxlanılıbVİDEO

Siyəzən, 24 iyul, Elxan Yusifli, AZƏRTAC

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olan iki dəstə ifşa edilərək, 35 kiloqramdan çox narkotik maddə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Elçin Kəlbiyev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış zamanı ümumi çəkisi 22 qramdan çox narkotik maddə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Elçin Kəlbiyev ifadəsində narkotik maddələri satış məqsədilə Xızı rayon sakini Rəsul Qədirovdan 700 manata aldığını bildirib.

Şöbə əməkdaşları tərəfindən Rəsul Qədirovun Xızı rayonunun Sitalçay kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı 1 kiloqramdan artıq qurudulmuş marixuana, 1.5 qrama yaxın heroin, eləcə də həyətyanı sahəsindən ümumi çəkisi 34 kiloqramdan artıq olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 108 ədəd çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin satışını həyata keçirən “Avtoş Elnur” ləqəbi ilə tanınan Elnur Əliyev saxlanılıb. Saxlanılan zaman E.Əliyev məsuliyyətdən azad olmaq üçün üzərində olan narkotik maddəni yerə ataraq qaçsa da, polis əməkdaşları tərəfindən tutularaq şöbəyə gətirilib. Dindirilmə zamanı E.Əliyev narkotik satışı ilə məşğul olduğunu etiraf edərək, narkotik maddələri Şabran rayon sakini Cavid Məmmədovdan əldə etdiyini bildirib.

Polis əməkdaşları tərəfindən Cavid Məmmədov da saxlanılıb və onun Şabran rayonu ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan satış məqsədilə kibrit qutularında və sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi bir kiloqramdan artıq olan qurudulmuş marixuana və 5 qramdan artıq tiryək aşkar olunaraq götürülüb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.