REGİONLAR
Siyəzəndə səyyar “ASAN xidmət”dən gün ərzində 400 sakin faydalanır VİDEO

Siyəzən, 20 noyabr, Elxan Yusifli, AZƏRTAC
Səyyar “ASAN xidmət” noyabrın 19-dan Siyəzən rayonunda fəaliyyət göstərir. Siyəzən və Xızı rayonlarının 60 minə yaxın sakini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.
AZƏRTAC xəbər verir ki, gün ərzində 400-ə yaxın Siyəzən və Xızı sakini göstərilən xidmətlərdən faydalanıb. Vətəndaşlar “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət edirlər.
Siyəzən səyyar “ASAN xidmət”in nümayəndəsi Faiq Cabbarlı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Siyəzən və Xızı sakinləri dekabrın 3-dək səyyar xidmətlərdən yararlana bilərlər. Səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir.
Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar saat 9-dan 18-dək Siyəzən Rayon İcra Hakimiyyətinin şəhər inzibati dairəsi üzrə nümayəndəliyinin yerləşdiyi inzibati binanın yaxınlığında fəaliyyət göstərən xidmət əməkdaşlarına müraciət etməlidirlər.