REGİONLAR


Siyəzənin Eynibulaq və Sədan kəndlərinin 2 mindən çox sakininin içməli su problemi həll olunur VİDEO

Siyəzən, 17 avqust, Elxan Yusifli, AZƏRTAC 

Mənim altmışa yaxın yaşım var. Hələ uşaqlıq vaxtımda burada 50-60 ev vardı. İndi isə kəndimizdə evlərin sayı 170-i, əhali isə min nəfəri keçib. Biz hər ay suya görə 30-35 manat, yay aylarında isə hətta 70 manat ödəməli olurduq. Kəndimizdə cəmi iki kiçik bulaq var ki, son illərdə quraqlıq səbəbindən həmin bulaqların da suyu demək olar quruyub. Bizim kəndə dövlət tərəfindən suyun çəkilməsi sakinlərimizin böyük sevincinə səbəb olub.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Siyəzən rayonunun Eynibulaq kəndinin sakini İlqar Məmmədov söyləyib.

Siyəzən rayonunun Eynibulaq və Sədan kəndlərinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Eynibulaq kəndində bir neçə il əvvəl icra olunmuş layihə çərçivəsində kəndin bəzi yerlərində bulaqlar quraşdırılsa da, əhalinin bir hissəsi içməli suyu uzaq məsafədən daşıyıb, ya da pulla alıb. Sədan kəndində isə su təchizatı sistemləri ümumiyyətlə mövcud olmayıb və sakinlər suya olan tələbatlarını daşınan su hesabına ödəyib.

“Bu vaxta kimi biz suyu pulla almışıq. Kəndə su xüsusi avtomobillərlə gətirilib satılır. Bu gün səhər 30 manat verib bir maşın su almışam. Kənddəki bulaqlar əhalinin tələbatını heç ödəmirdi. Yay aylarında bir maşın su bir aya bəs etmir. Mal-qaraya da həmin sudan verirdik. Çünki ayrı su mənbəyi yoxdur. 20-25 gündən bir su almaq məcburiyyətində idik. İndi isə kəndimizə su çəkilir. Su həyatdır. Bu nəcib təşəbbüsə görə ölkə rəhbərliyimizə minnətdarıq”, - deyə Eynibulaq kənd sakini Nadirşah Mehrəliyev söyləyib.

Hazırda “Azərsu” ASC tərəfindən Sədan və Eynibulaq kəndlərinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanıb.

Sədan və Eynibulaq kəndlərinin içməli su probleminin həlli məqsədilə icra olunan layihəyə əsasən, kəndlərə suyun Şollar-Bakı su kəmərindən verilməsi nəzərdə tutulur. Bu məqsədlə Siyəzən şəhərini qidalandıran magistral xətdən birləşmə verilərək kəndlərə 6 kilometr uzunluğunda polad borularla magistral su xətti çəkilir.

“Azərsu” ASC-nin şöbə rəisinin müavini İlqar Şükürov bildirib ki, Sədan və Eynibulaq kəndləri relyef baxımından yüksəklikdə yerləşdiyindən suyun nəqli ikipilləli nasos sistemi vasitəsilə aparılacaq. Bu məqsədlə 2 yerdə - yeni magistral xəttin qoşulma nöqtəsində və Sədan kəndinin girişində 2 ədəd nasos stansiyası və 25 kubmetr tutumu olan su anbarları tikiləcək. Bu infrastruktur hesabına içməli su Sədan kəndində yeni tikilən 100 kubmetr tutumu olan anbara vurulacaq və özüaxımlı rejimdə kəndə veriləcək. Sədan kəndində əhalinin ümumi istifadəsi üçün 26 ədəd bulaq quraşdırılacaq. Eynibulaq kəndində isə 6 kilometr uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılacaq və 170 ünvana ev birləşməsi veriləcək.

Layihənin icrasının yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Bununla da Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin 2000-dək sakini dayanıqlı və təhlükəsiz içməli su ilə təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.