REGİONLAR
Siyəzənin Sədan kəndində torpaq sürüşməsindən ziyan çəkən ailələr üçün yeni evlər tikiləcək VİDEO



Siyəzən, 24 avqust, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonunun Sədan kəndində torpaq sürüşməsindən ziyan çəkən üç ailə üçün yeni evlər tikiləcək.
AZƏRTAC xəbər verir ki, Sədan kəndi ərazisində ötən ilin mart ayından başlayaraq torpaq sürüşməsinin aktivləşməsi nəticəsində 3 ev qəzalı vəziyyətə düşüb. Həmin evlərdə yaşamaq təhlükəli olduğundan sakinlər çadırlarla təmin olunaraq müvəqqəti yaşayış yerlərinə köçürülüblər.
Həmin vaxt sürüşmə baş verən əraziyə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri baxış keçiriblər. Faktla bağlı müvafiq rəylər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub.
Sədan kənd icra nümayəndəsinin müavini Qurban Pəncəliyev bildirib ki, artıq sürüşmədən ziyan görən həmin sakinlərin hər biri üçün 12 sot torpaq sahəsi ayrılıb. Yaxın günlərdə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni evlərin tikilməsinə başlanılacaq.
Siyəzənin rayon mərkəzindən 8 kilometr məsafədə yerləşən Sədan kəndində sürüşmə prosesi uzun illərdir davam edir. Ötən il yağıntıların çox olması prosesi daha da aktivləşdirib.