REGİONLAR
Siyəzənli “ABAD”çının əl işləri dekorativ-tətbiqi xalq sənətkarlığının yeni bir istiqaməti kimi tanınıb VİDEO
Siyəzən, 21 dekabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonunun Şıxlar kəndinin sakini Yusif Hacıyev “ABAD”ın dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində ailə bizneslərinə dəstək layihəsindən faydalanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yusif Hacıyev doğulduğu kəndin adını verdiyi şıxlar sənətini yaşadır və inkişaf etdirir. 50 ildir bu sənətkarlıq növü ilə məşğul olan Siyəzən sakini bundan sonra əl işlərindən qazanc da əldə edə biləcək.
Hazırda sənətkarın əl işləri xüsusi müəlliflik möhürü ilə “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunda, Heydər Əliyev Beynəlxalq Hava Limanında və “ABAD”ın digər sərgi-satış mərkəzlərində alıcılara təqdim olunur. Onun əl işlərinin qiyməti 10-100 manat arasında dəyişir.
Yusif Hacıyev bildirir ki, “ABAD”a müraciətindən sonra əl işləri 50-dən artıq sənətşünas tərəfindən araşdırılıb və şıxlar sənəti dekorativ-tətbiqi xalq sənətkarlığının yeni bir istiqaməti kimi qəbul olunub.
Sənətkarın sözlərinə görə, şıxlar bənzəri olmayan bir sənət növüdür. Bu işlə məşğul olmaq üçün xammal hər yerdə var. Sadəcə ağac kötüklərində, daşlardakı harmoniyanı duymaq, onları insanlara sənət əsəri kimi təqdim etmək lazımdır.
“Şıxlar hər bir insanı özünə cəlb edən unikal bir sənətdir. Mən yeni bir şey yaratmıram - əksinə, ətrafdakı gözəllikləri aşkarlayıb insanlara bəxş edirəm. Hazırladığım əl işləri arasında şəkillər üçün çərçivələr, müxtəlif qablar, hətta masalar var. Bu sənət nə xəttatlıq, nə nəqqaşlıq, nə də oyma sənəti deyil, yeni bir istiqamətdir”, -deyə o vurğulayır.
Sənətkarın əl işlərindən nümunələr Rusiya, Türkiyə və İngiltərəyə də göndərilib. Alınmış rəylər əsasında Y.Hacıyevə müəlliflik şəhadətnaməsi də təqdim olunub.