MƏDƏNİYYƏT
“Skal Baku”nun 22-ci toplantısı keçirilib
Bakı, 29 oktyabr, AZƏRTAC
“Skal İnternational” beynəlxalq turizm təşkilatının Bakı klubunun 22-ci ziyafət toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən "Skal Baku"nun prezidenti Ceyhun Aşurov təşkilatın son bir illik fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, MDB məkanında ilk dəfə olaraq Bakıda yaradılan qurum 2009-cu ildən fəaliyyət göstərir və bu müddətdə Azərbaycan turizminin inkişafı üçün müəyyən işlər görüb. Onun sözlərinə görə, skal turizm peşəkarlarının könüllü birliyidir və dostlar arasında biznes yaratmaq missiyası daşıyan bir təşkilatdır.
Rəhbərlik etdiyi bir il ərzində klubun fəaliyyətindən danışan C. Aşurov deyib ki, bu müddətdə qurumun iclasları, müxtəlif mövzularda təlim və treninqlər keçirib. Bu dövrdə turizm sahəsində təhsil alan tələbələrlə görüşlər və təlimlər təşkil edilib. Eyni zamanda, turizm sənayesinin peşəkarları ilə “Networking” xarakterli görüşlər olub. Həmçinin mehmanxana xidmətinə aid xüsusi təlimlər və böyük miqyasda "Tourism Meetup and Workshop" tədbir böyük maraqla qarşılanıb.
"Turizmin inkişaf etdiyi ölkələrdə “Skal İnternational”a üzv olmağa və qurumun müxtəlif klublarının yaradılmasına böyük önəm verilir. İspaniya, Fransa, İtaliya kimi ölkələrdə "Skal" geniş fəaliyyətə malikdir”,- deyən “Skal Baku”nun yaradıcısı və qurumun fəxri sədri Ruslan Quliyev Azərbaycanın bu təşkilata 2009-cu ilin sentyabrında üzv olduğunu bildirib. Həmin il "Skal İnternational"ın Türkiyə Respublikasından seçilmiş o zamankı prezidenti Hülya Aslantaşın iştirakı ilə "Skal Baku" klubu təsis edilib.
R. Quliyevin fikrincə, ölkəmizdə turizm inkişaf edən və perspektivi olan bir sahədir. Bu səbəbdən də “Skal”a üzvlük Azərbaycanın turizm potensialının dünyada tanınmasına çox böyük yardım edir.
Ölkədə turizmin inkişaf səviyyəsindən danışan klubun eks-prezidenti bildirib ki, hazırda Azərbaycanda həm regionlarda, həm də paytaxtda adıçəkilən sahənin inkişafı, eyni zamanda, yüksək standartlara cavab verən hotellərin sayının artması ilə müşayiət olunur. R. Quliyev tədbirin keçirildiyi Sumqayıt şəhərində son illər turizm sahəsinin inkişafı istiqamətində həyata keçirilən işlər haqqında danışıb və maraqlı bir təklif də irəli sürərək bildirib ki, müxtəlif tədbirləri, festivalları bu şəhərdə keçirməklə buranı festivallar və turizm mərkəzinə çevirmək olar.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Anar Eminov, Milli Məclisin deputatı Mirzəcan Xəlilov, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Qasımov çıxış edərək Azərbaycanda turizm sahəsinin inkişaf perspektivləri barədə maraqlı fikirlər söyləyiblər.
“Skal Baku”nun baş katibi Tahir Məmmədovun "Skal İnternational" haqqında qısa təqdimatından sonra təşkilatın yeni üzvlərinə üzvlük kartları, klubun fəal üzvlərinə isə təşəkkürnamələr təqdim edilib.