CƏMİYYƏT
Skoliozun diaqnozu və müalicəsi
Bakı, 6 oktyabr, AZƏRTAC
Skolioz xüsusən uşaqlarda daha çox rast gəlinən onurğa sütununun deformatik əyriliyidir. “Skoliosi” latın sözüdür, mənası “əyri” deməkdir. Uşaqlarda kosmetik problemlərdən başqa əyrilik dərəcələrində nəfəsalma sıxıntısı və ağrı simptomları meydana gəlir.
Diaqnozun qoyulmağı barədə AZƏRTAC-a məlumat verən “Caspian International Hospital”ın travmatoloq-ortopedi Vüqar Quliyev deyib: “Skolioz xəstələri, adətən, valideynlərin təsadüfən görməsi ilə həkimə gətirilir. Həkim müayinəsində rahatlıqla bucaqlı skoliozlarda diaqnoz qoyulur. Diaqnoz zamanı əvvəlcə rentgen şəkillər çəkilməsi skoliozun dərəcəsi və yeri haqqında məlumat verir. Skolioz başqa bir xəstəliklə birlikdə və ya yüksək dərəcədə inkişaf etdikdə Kompüter Tomoqrafiya və ya Maqnit-Rezonans müayinəsi lazım gəlir”.
Müalicə prosedurlarının aparılması barədə danışan travmatoloq-ortoped deyib: “Skoliozun əyrilik bucaqları Cobb bucaqları ilə ölçülür və 45 dərəcənin üstündə cərrahi müdaxilə şərtdir. Həmin bucağın aşağı olduğu vəziyyətlərdə konservativ müalicə metodlarına üstünlük verilir. Konservativ olaraq fizioterapiya, idman və ya korsetlərdən istifadə olunur. Lakin konservativ metodlar xəstənin yaşı və inkişaf dərəcəsindən çox asılıdır və istifadə yerləri məhduddur.
Həkim Vüqar Quliyev onu da xəbərdarlıq edib ki, skolioz diaqnozu və müalicəsi peşəkar həkimlər tərəfindən aparılmalıdır. Onun cərrahi müalicəsi uşaq yaşda olan xəstələrin hərəkətlərini məhdudlaşdırmır, əksinə, daha yaxşı uyğunlaşmasını təmin edir. Uşaqların onurğa nahiyəsində skoliozdan şübhələndikdə ixtisaslı həkimlərə müraciət etmək məsləhətdir.