CƏMİYYƏT
Şlomo Moşe Amar: Azərbaycanda gördüyüm qonaqpərvərliyi, tolerantlıq və mehribanlıq mühitini heç yerdə görməmişəm VİDEO
Paris, 16 may, AZƏRTAC
Dünyanın bir çox ölkələrində olmuşam, krallarla, dövlət başçıları ilə görüşmüşəm. Ancaq Azərbaycanda gördüyüm qonaqpərvərliyi, səmimiyyəti, tolerantlıq və mehribanlıq mühitini heç yerdə görməmişəm. Azərbaycan fövqəl ölkədir. Azərbaycan Prezidentinə, xalqına xeyir-dualarımı ifadə edir, minnətdarlığımı bildirirəm.
Bu fikirləri Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində keçirilən Ravvinlərin Konqresində iştirak edən İsrailin baş ravvini Şlomo Moşe Amar AZƏRTAC-a müsahibəsində deyib.
Azərbaycana ilk dəfə 13 il əvvəl gəldiyini bildirən baş ravvin Şlomo Moşe Amar həmin vaxt Heydər Əliyev Fondu və “Or-Avner” Fondu tərəfindən yəhudi uşaqlar üçün inşa edilmiş “Xabad-Or-Avner” təhsil mərkəzinin açılış mərasimində iştirak etdiyini deyib.
“Azərbaycan dövləti tərəfindən Bakıda tikilmiş yəhudi uşaqlar üçün məktəbin açılışında iştirak etdim. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva da açılış mərasimində iştirak edirdilər. Açılış mərasiminə bir çox nazirlər də qatılmışdılar. Azərbaycan Prezidentinin və hökumət nümayəndələrinin məktəbin açılışında iştirak etməsi dövlətin bu işə verdiyi əhəmiyyəti əks etdirirdi.
Prezident İlham Əliyev yəhudi nümayəndələrlə birlikdə sinif otaqlarına ziyarət edəndə, uşaqlardan birinə sual verdi. Həmin anlar çox təsirli idi. Vurğulamaq istəyirəm ki, bir çox ölkələrdə olmuşam, krallar, dövlət başçıları ilə görüşmüşəm. Ancaq Azərbaycandakı qəbulu, səmimiyyəti, mehribanlığı heç yerdə görməmişəm. Azərbaycan fövqəl ölkədir”, - deyə Ş.M.Amar deyib.
O qeyd edib ki, ikinci dəfə Azərbaycana dünya dini liderlərin sammitinə gəlib və orada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. “Dünya dini liderlərinin sammitində yenidən Azərbaycan Prezidenti ilə görüşmək nəsibim oldu. Məni kabinetinə dəvət etdi. Biz 1 saata qədər söhbətləşdik və yəhudi məktəbinin açılışı mərasimini bir daha xatırladıq”, - deyə İsrailin baş ravvini bildirib.
Ölkəmizlə bağlı xoş xatirələri olduğunu deyən Ş.M.Amar vurğulayıb ki, Azərbaycan xüsusi bir ölkədir, onu unutmaq olmur. Azərbaycandan öyrənməli çox şey var, xüsusilə qarşılıqlı hörməti öyrənmək lazımdır. Digər mədəniyyət və dinlərin nümayəndələrinə hörmət, başqası ilə danışmaq mədəniyyəti yüksək səviyyədədir: “Bu fürsətdən istifadə edərək, bir daha Azərbaycan Prezidentinə, hökumətinə, xalqına, ölkənin bütün ictimaiyyətinə xeyir-duamı ifadə edir və tərəqqi, sülh arzulayıram”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris