DÜNYA


Slovakiya Ekspertlər Şurası Avstriya və Çexiyanı “qırmızı siyahı”ya salmağı tövsiyə edib

Bratislava, 11 sentyabr, AZƏRTAC

Slovakiya qonşu Avstriya və Çexiyanı koronavirus pandemiyası ilə əlaqədar riskli ölkələrin “qırmızı siyahı“sına daxil edə bilər.

AZƏRTAC xəbər verir ki, Slovakiya Ekspertlər Şurası hər iki ölkədə artan yoluxma hallarını nəzərə alaraq belə bir tövsiyə ilə çıxış edib və bu tövsiyə Pandemiya Komissiyası tərəfindən rəsmiləşdirilməlidir. Slovakiya Xarici İşlər Nazirliyinin dövlət katibi Martin Kluş da “TA3” telekanalına verdiyi müsahibədə qonşu ölkələrlə bağlı belə bir qərarın verilə biləcəyini təsdiqləyib.

“Qırmızı siyahı“da yer alan ölkələrdən gələn şəxslər ikihəftəlik karantində olmalıdırlar və Slovakiyanın sıx əməkdaşlıq etdiyi bu iki ölkəni həmin siyahıya salması asan olmayacaq. Sərhəd rejiminə dair açıq sualların çox olduğunu qeyd edən M.Kluş hər iki ölkə ilə sərhədləri keçən şəxslərin karantinə göndəriləcəyini təsəvvür etmədiyini də diqqətə çatdırıb. Həmçinin qeyd edilib ki, vəziyyətin gərginləşəcəyi təqdirdə həssas infrastrukturda çalışan şəxslərin sərhədi sərbəst keçidi təmin olunmalıdır.

Qeyd edilməlidir ki, cəmi bir neçə gün bundan öncə Avstriya, Çexiya və Slovakiyanın hökumət başçıları pandemiya dövründə daha sıx əməkdaşlıq etmək və sərhədləri açıq saxlamaq barədə vahid mövqe nümayiş etdiriblər. Lakin qonşu ölkələrdə yoluxma hallarının sürətlə artması verilən vədlərin asanlıqla unudulmasına da səbəb ola bilər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.