DÜNYA
Slovakiya Ukraynadakı diplomatlarının ailə üzvlərini təxliyə edəcək
Bratislava, 13 fevral, AZƏRTAC
Slovakiyanın Xarici İşlər Nazirliyi Ukraynada xidmət edən slovak diplomatların ailələrinin təxliyəsinə qərar verib.
AZƏRTAC xəbər verir ki, Slovakiyanın xarici işlər naziri İvan Korcok bu barədə danışıb. O bildirib ki, fevralın 12-də böhranla mübarizə qrupunun iclasından sonra Slovakiya Xarici İşlər Nazirliyi Slovakiyanın Kiyevdəki səfirliyində və Slovakiyanın Ujqoroddakı Baş Konsulluğunda xidmət edən işçilərin ailə üzvlərinin təxliyəsi qərarını qəbul edib.
Eyni zamanda XİN Ukraynaya səyahət tövsiyəsinə də dəyişiklik edib. Nazirlik Slovakiya vətəndaşlarına məqsədindən asılı olmayaraq Ukraynaya bütün növ səfərləri təxirə salmağı tövsiyə edib.
Nazirlikdən bildirilib ki, qərar Aİ-yə üzv ölkələrin Kiyevdəki səfirlikləri arasında aparılan məsləhətləşmə nəticəsində qəbul edilib. Nazirliyin qərarı təhlükəsizlik vəziyyətinin daha da pisləşməsi və gərginliyin artmasından bəhs edən son paylaşılan kəşfiyyat məlumatlarının qiymətləndirilməsinə əsaslanır.
Həmçinin vətəndaşlara Ukraynaya səfərlə bağlı nazirliyin saytında aktual xəbərləri izləmək və saytda qeydiyyatdan keçmək məsləhət görülüb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava