DÜNYA


Slovakiya hökuməti kütləvi koronavirus testlərini qeyri-müəyyən müddətə təxirə salıb

Bratislava, 27 noyabr, AZƏRTAC

Slovakiya hökuməti tədricən bütün ölkə üzrə təşkil edilən kütləvi koronavirus testlərindən geri çəkilir.

AZƏRTAC xəbər verir ki, bu mövzuda mövcud olan hökumətdaxili fikir ayrılığı Baş nazir İqor Matoviçi dekabrın ilk həftəsonu üçün planlaşdırılan kütləvi testləri təxirə salmağa vadar edib. Bu testləri bütün Avropa üçün örnək adlandıran İ.Matoviç irad və tənqidlərdən sonra növbəti testlərin vaxtını da açıqlamayıb.

Şəhər və Bələdiyyələr Birliyi isə öz açıqlamasında ümumiyyətlə bu cür kütləvi test aksiyalarından çəkinməyə çağırıb, bunun əvəzində isə diqqəti əhalinin xüsusilə riskli qrupuna yönəltməyi tövsiyə edib.

Slovakiyanın koronavirus statistikasında kütləvi testlərin hansısa ciddi dönüşə səbəb olduğu ortaya çıxmayıb. Yoluxma saylarındakı cüzi azalmanın isə ilk növbədə testlərlə deyil, sərt karantin rejimi ilə əlaqələndirirlər.

Qeyd edək ki, Slovakiyada 31 oktyabr-1 noyabr və 7-8 noyabr tarixlərində kütləvi koronavirus testləri həyata keçirilib. Testlər könüllülük prinsipi əsasında olsa da, əlində müvafiq test arayışı olmayan şəxslərə iki həftə boyunca işə buraxılmaması xəbərdarlığı əhalini bu testlərdə iştiraka məcbur edib. Testlərin ilk mərhələsində ölkənin 5,5 milyon əhalisinin 3,6 milyonu iştirak edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.