DÜNYA
Slovakiya koronavirus böhranı ilə əlaqədar Avropa İttifaqından yardım istəyəcək
Bratislava, 18 fevral, AZƏRTAC
Slovakiyada koronavirusa yoluxma halları ilə əlaqədar vəziyyət o qədər pisləşib ki, hökumət Avropa İttifaqından yardım istəməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı ölkənin TASR xəbər agentliyi yayıb. Məlumatda bildirilir ki, rəsmi Bratislava mülki fövqəladə hallarda qarşılıqlı yardıma əsaslanan Aİ mexanizmləri çərçivəsində dəstək üçün müraciət edəcək. Müraciətdə ilkin mərhələdə digər Aİ ölkələrindən 10 həkim və 25 tibb bacısının Slovakiyaya göndərilməsi xahiş olunacaq. Ölkədəki epidemioloji vəziyyətin pisləşəcəyi halda bu kontingentin artırılması da mümkün ola bilər.
Slovakiyanın Səhiyyə Nazirliyinin bu müraciətlə bağlı verdiyi açıqlamada qeyd edilib ki, Slovakiya ötən ilin yazında başlayan pandemiyanın ilk dalğasını uğurla dəf edən ölkələr sırasında yer alıb və koronavirusla əlaqədar cəmi 28 ölüm halı baş verib. Lakin ötən ilin oktyabrından başlayaraq ikinci dalğa çərçivəsində həm yoluxma, həm də ölüm hallarında kəskin artım qeydə alınıb və hazırda səhiyyə ekspertləri ölkənin səhiyyə sisteminin kollaps həddinə çata biləcəyinə dair xəbərdarlıqlar edirlər.
5,5 milyon əhalisi olan Slovakiyada pandemiya başlayandan indiyədək 283 min yoluxma halı qeydə alınıb, ölüm hallarının sayı isə 6168-ə çatıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava