İDMAN


Slovakiyada Azərbaycan guşəsinin rəsmi açılışı keçirilib

Bakı, 29 iyul, AZƏRTAC

Banska Bıstritsada OCEP pavilyonunda Azərbaycan guşəsinin rəsmi açılışı baş tutub.

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 
XVI Avropa Gənclər Yay Olimpiya Festivalını əlamətdar edən daha bir məqam festivalın tarixində ikinci dəfə Olimpiya Mədəniyyəti və Təhsil Proqramının (OCEP) pavilyonunun qurulmasıdır. Slovakiyanın Banska Bıstritsa bölgəsində keçirilən festivalın beşinci günü OCEP pavilyonunda Azərbaycan guşəsi fəaliyyətə başlayıb. 28 ölkənin iştirak etdiyi OCEP pavilyonunda Azərbaycanı Slovakiyanın 2 qardaşlaşmış məktəbi və Bakının Y.Kovalyov adına 229 saylı tam orta məktəbinin şagirdləri təmsil edib.

Açılış mərasimində MOK-un baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Liney Rut Halldorssdottır, Slovakiya Olimpiya Komitəsinin prezidenti Siekel Anton, Polşa Olimpiya Komitəsinin prezidenti Andrzej Krasnicki, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov, Azərbaycanın Avstriya Respublikasındakı səfirliyinin nümayəndələri, idmançılar və başqa rəsmilər iştirak ediblər.

Mərasimdə OCEP proqramının Azərbaycanın təşəbbüsü ilə Bakıda təşkil edilmiş XV Avropa Gənclər Yay Olimpiya Festivalından start götürərək Slovakiyada davam etdirilməsinin Olimpiya hərəkatının gənclər arasında təşviq olunmasında əhəmiyyətli rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, bu təşəbbüs gələcəkdə təşkil olunacaq festivallarda da tətbiq ediləcək.

Azərbaycanın Slovakiya Olimpiya Komitəsinə və Avropa Olimpiya Komitəsinə OCEP-in xalçaları təqdim olunduqdan sonra qardaşlaşmış Slovakiya və Azərbaycan məktəblərinin şagirdləri qonaqlar qarşısında milli rəqsləri ilə çıxış edib. Daha sonra qonaqlar pavilyonda quraşdırılmış Azərbaycanın və digər ölkələrin guşələrini ziyarət edərək məktəblilərin təmsil etdikləri ölkələrin mədəniyyəti, tarixi, idmanı, mətbəxi və sair sahələr üzrə təqdimat və viktorinalarını seyr ediblər. Azərbaycan guşəsi pavilyonda təmsil olunan digər səkkiz ölkə ilə müqayisədə dekorasiyası, təklif olunan təamları, fəaliyyətlərin zənginliyi ilə seçilərək qonaqların daha çox rəğbətini qazana bilib.

İyulun 31-dək Banska Bıstritsada olacaq OCEP məktəbliləri EYOF 2022 Sports Parkına, ərazidəki idman obyektlərinə səfər edərək idman yarışlarına baxmaq imkanı da qazanacaqlar. Avropa Gənclər Olimpiya Səfirlərinin təhsil proqramında iştirak edəcək məktəblilər Azərbaycanı təmsil etməklə yanaşı, digər ölkələrin sərgi stendlərində də qatılacaqlar.

Qeyd edək ki, Olimpiya Mədəniyyəti və Təhsili Proqramına (OCEP) “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində start verilib. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi fondu və Avropa Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilir. 2021-2022-ci illər ərzində OCEP-in coğrafiyası genişlənərək təmsil olunan ölkələrin sayı 56-a çatdırılıb. Bu müddətdə Azərbaycandan olan qardaşlaşmış məktəblərin təşkil etdiyi tədbir və fəaliyyətlər 200 minə yaxın məktəblini əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.