DÜNYA


Slovakiyada açıq havada tibbi maskadan istifadə edilməsi icbari olacaq

Bratislava, 13 oktyabr, AZƏRTAC

Koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Slovakiyada oktyabrın 15-dən etibarən bir sıra sərtləşdirici tədbirlər qüvvəyə minəcək.

AZƏRTAC xəbər verir ki, qapalı məkanlarla yanaşı, açıq havada da tibbi maskalardan istifadə icbari olacaq. Bununla yanaşı, kafe və restoranların fəaliyyətində bir sıra məhdudiyyətlər tətbiq olunacaq, fitnes studiyaları isə ümumiyyətlə bağlanacaq.

Koronavirus Böhran Mərkəzindən bildirilib ki, əsas məhdudiyyət açıq havada da tibbi maskalardan istifadə edilməsidir. Hökumət rəhbəri İqor Matoviçin sözlərinə görə, bu qərarla hökumət yoluxmanın artmasını ləngitməyə çalışır.

Restoranlar isə oktyabrın 15-dən etibarən yalnız yeməklərin çatdırılma xidmətini həyata keçirə bilərlər, müştərilərə məkandaxili xidmət qadağan olunur. Eyni zamanda fitnes studiyaları və hovuzların da fəaliyyəti dayandırılacaq. Ölkə üzrə bütün kütləvi tədbirlər qadağan olunur və ərzaq malları mağazaları ahıllar və risk qrupuna daxil insanlar üçün ayrıca iş saatlarında açıq olmalıdır.

Bu qərarların hansı müddətə qəbul olunduğuna dair açıqlama verilməyib. Hazırda koronavirusa yoluxma hallarının ümumi sayının 20 minə çatdığı Slovakiyada gündəlik yoluxma sayı 1054 nəfərdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.