DÜNYA
Slovakiyada evdən çıxmağa yalnız mənfi koronavirus testi ilə icazə verilir
Bratislava, 28 yanvar, AZƏRTAC
Yanvarın 27-dən etibarən Slovakiyada əhaliyə yalnız mənfi koronavirus testi ilə evdən çıxmağa icazə verilir.
AZƏRTAC xəbər verir ki, ölkənin 15-65 yaş arasında olan əhalisi evdən çıxarkən müvafiq PCR və ya antigen testinin cavabını özü ilə götürməlidir. Fevralın 7-dək olan qaydaya əsasən, yoxlama zamanı müvafiq arayışı təqdim edə bilməyənləri cəza gözləyir.
Avropa İttifaqının əksər ölkələrindən fərqli olaraq Slovakiya koronavirusa qarşı mübarizəni özünəməxsus strategiya əsasında həyata keçirir. Ölkə hökuməti virusa qarşı mübarizədə kütləvi testlərdən effektiv şəkildə yararlanmağa çalışır. Ötən həftə ölkə üzrə keçirilən kütləvi testlərdə Slovakiyanın 5,4 milyon əhalisinin 2,5 milyon nəfəri iştirak edib və 30 min yeni yoluxma halı aşkarlanıb. Növbəti həftə yoluxma hallarının çox olduğu regionlarda yenidən kütləvi testlər keçiriləcək.
Slovakiyanın Baş naziri İqor Matoviç bildirib ki, hazırda koronavirus əleyhinə peyvəndlərin çatdırılmasında baş verən gecikmələri nəzərə aldıqda pandemiyaya qarşı strategiyanı yalnız peyvəndlə məhdudlaşdırmaq düzgün olmazdı. İndiki templə davam edildiyi halda sentyabr ayına kimi ölkə əhalisinin yalnız 60 faizini peyvəndləmək mümkün ola bilər. Ona görə də, əhalinin aktiv şəkildə testdən keçirilməsi və karantin qaydalarının qüvvədə saxlanması tələb olunur.
Qeyd edilməlidir ki, indiyədək Slovakiyada koronavirusa yoluxanların sayı 238 min nəfər olub, onlardan 4260 nəfər COVID-19 xəstəliyi ilə əlaqədar dünyasını dəyişib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava