DÜNYA
Slovakiyada koronavirusa yoluxma ilə əlaqədar növbəti antirekord qeydə alınıb
Bratislava, 26 sentyabr, AZƏRTAC
Slovakiyada koronavirus pandemiyası başlayandan bəri yoluxma hallarının artımında növbəti antirekord qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, pandemiyanın ilk dalğası zamanı Avropanın nümunəvi ölkələri sırasında yer alan Slovakiyada gündəlik yoluxma sayı 419 nəfərə çatıb. Bu barədə məlumatı Baş Nazir İqor Matoviç öz sosial media hesablarında paylaşıb və epidemiyanı ciddiyə almayanları günahsız insanların taleyini təhlükə altına atmamağa çağırıb. Baş Nazir ölkədə yoluxmanın sürətlə artmasını düşüncəsizlik, eqoizm və ətrafdakı insanlara hörmətsizlik kimi dəyərləndirib. O qeyd edib ki, COVID-19 təhlükəsinə etinasız yanaşma, qaydalara məhəl qoymama və vəziyyətin ciddi olmasının sərt tənqid olunması artıq öz bəhrəsini verib. “İnsan azadlıqları uğrunda mübarizə“ adlandırılan bu fəaliyyət indi hər kəsin azad və sərbəstliyini əlindən alır. Baş Nazir, həmçinin qeyd edib ki, o, əhalinin qaydalara riayət edəcəyinə və ehtiyatlı davranacağına ümid etsə də, insanlar hazırkı vəziyyətə qarşı məsuliyyətli yanaşma nümayiş etdirməyiblər.
Qeyd edilməlidir ki, 5,5 milyon əhalisi olan Slovakiyada koronavirusa yoluxma hallarının sayı 8048, ölüm hallarının sayı isə 41-ə çatıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava