SİYASƏT
Sloveniya Milli Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib
Bakı, 22 yanvar, AZƏRTAC
Sloveniya Respublikasının Milli Şurası qurumun üzvü Rudi Matjasicin təşəbbüsü əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qərarda Milli Şura Sloveniya Respublikası hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlik səylər çərçivəsində Birləşmiş Millətlər Təşkilatının münaqişə ilə bağlı müvafiq qətnamələrini dəstəkləməyi təklif edib.
Rudi Matjasic tərəfindən irəli sürülmüş təşəbbüsdə qeyd olunur ki, Sloveniya Milli Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə öz doğma yurd-yuvalarına qayıtmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinin dəstəklənməsinə çağırır.
Qərarda bütün hallarda etnik təmizləmə, qırğın və mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin kəskin pislənilməli olduğu qeyd edilib. Bu xüsusda Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımının insanlığa qarşı cinayət olduğu vurğulanıb və faciənin 24-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı ifadə edilib.
Sənəddə deyilir ki, 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı olmaqla 613 nəfər dinc sakinin Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində amansızcasına qətlə yetirilməsi və çoxlu sayda mülki insanın itkin düşməsindən 24 il keçir. İnsanlığa qarşı cinayət olan bu hadisə dünyanın əksər dövlətləri tərəfindən pislənilib.
BMT Baş Məclisi, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrdə Dağlıq Qarabağ daxil olmaqla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunur, münaqişənin həllinin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyünə, xüsusilə BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə əsaslanmalı olduğu bildirilir.
Xarici İşlər Nazirliyi tərəfindən aparılmış işin nəticəsində Meksika, Pakistan, Honduras, Qvatemala, Kolumbiya, Panama, Peru, Bosniya və Herseqovina, Sudan, Çexiya və Rumıniyanın parlamentləri, ABŞ-ın 16 ştatının yerli qanunverici orqanı, İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı tərəfindən Xocalı faciəsini soyqırımı və insanlıq əleyhinə cinayət kimi tanıyan, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını pisləyən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəkləyən müxtəlif sənədlər qəbul edilib.
1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş əməllərin soyqırımı və insanlıq əleyhinə cinayət kimi tanıdılması istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilən ardıcıl fəaliyyət bundan sonra da davam etdiriləcək.