DÜNYA
Sloveniya əhalisi referendumda su hövzələri haqqında qanuna əlavələri rədd edib
Lyublyana, 12 iyul, AZƏRTAC
Sloveniya əhalisi su hövzələri haqqında qanuna əlavələrlə bağlı keçirilən referendumda hökumətin təkliflərini rədd edib.
AZƏRTAC xəbər verir ki, ümumxalq səsverməsində iştirak edənlərin 86 faizi Baş nazir Yanez Yanşanın rəhbərlik etdiyi hökumətin hazırladığı qanun layihəsinin əleyhinə olub. Siyasi ekspertlərin rəyinə görə, əhalinin referendumda yüksək faizlə rədd cavabı qanundan daha çox ötən ilin fevralından hakimiyyətdə olan Y. Yanşanın yürütdüyü siyasi kursa cavab xarakteri daşıyır. Referendumda səsvermə hüququna malik əhalinin 45 faizi iştirak edib, bu da Sloveniya üçün yüksək göstərici hesab olunur.
Qanuna əlavələr bu ilin mart ayında parlamentdə qəbul olunsa da, bir sıra qeyri-hökumət təşkilatları “İçməli su naminə hərəkat“ təşəbbüsü altında referendum keçirilməsi üçün imza topladılar və referendum vasitəsilə qanunun yeni redaksiyada qüvvəyə minməsini əngəllədilər.
Yeni qanunun əleyhdarları hesab edirlər ki, yeni qaydalar dəniz sahili, göl və çay sahillərində tikintilərin aparılmasını liberallaşdıracaq. Su hövzələri yaxınlığında istirahət mərkəzləri və ictimai infrastrukturun yaradılmasını asanlaşdıran maddələr sayəsində su hövzələrinə mənfi müdaxilələrin artacağı və içməli su ehtiyatları üçün təhlükə yaranacağı ehtimal olunur. Eyni zamanda tikinti fəaliyyəti nəticəsində sahil ərazisinə əhalinin sərbəst girişinin də məhdudlaşdırılacağından narahat olanlar çoxdur.
Sloveniya hökuməti tənqidləri rədd edərək, qanuna daxil edilməli olan yeni maddələrin əslində su hövzələri və onların sahilinin daha yaxşı mühafizəsinə hesablanıb. Buna nümunə kimi çay sahillərində daşqınlardan mühafizə tədbirlərinin gücləndirilməsi üçün büdcədən ayrılan vəsaitlərin artırılması göstərilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana