DÜNYA


Sloveniya hüquqi dövlətçilik prinsipinin pozulması adı altında üzv ölkələrin cəzalandırılmasını pisləyir

Lyublyana, 19 oktyabr, AZƏRTAC

Sloveniya hökuməti hüquqi dövlətçilik prinsiplərinin pozulması hallarında Aİ vəsaitlərinin mümkün ləğv olunması təklifinə qarşı etiraz edən Polşa və Macarıstanın mövqeyini dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, Sloveniyanın Baş naziri Yaneş Yanşa Aİ Şurasının prezidenti Şarl Mişelə bununla bağlı məktub ünvanlayıb.

Məktubda bildirilir ki, hüquqi dövlətçiliyin nədən ibarət olduğunu siyasi çoxluq deyil, yalnız müstəqil hüquqi instansiyalar təyin edə bilərlər. Lakin hazırda “hüquqi dövlətçilik“ adlı məfhumdan yanlışlıqla ayrı-ayrılıqda Aİ üzvlərini əksər ölkələrin səs çoxluğu ilə qəbul etdiyi qərarlar əsasında nizam-intizama cəlb etmək üçün istifadə edilir.

Qeyd edilməlidir ki, ötən günlərdə Aİ ölkələri qarşıdakı yeddi il üçün büdcə çərçivəsi və koronavirus yardım fondundan ibarət olan və ümumi dəyəri 1,8 trilyon avroya çatan maliyyə paketini müzakirə edib. Polşa və Macarıstan həmin paketi dəstəkləməkdən imtina ediblər və buna səbəb kimi gələcəkdə hüquqi dövlətçilik prinsiplərinin pozulması halında Aİ vəsaitlərinin ixtisar edilməsi qaydası ilə əlaqələndiriblər. Bu ilin iyul ayında Aİ-nin dövlət və hökumət başçıları prinsip etibarilə belə bir hüquqi dövlətçilik mexanizmi barədə razılıq əldə ediblər. Ümumi fikirlər əsasında formulə edilmiş razılaşmanın məzmunu və detalları isə sonradan üzv dövlətlər arasında qarşılıqlı danışıqlarda və Aİ parlamentindəki müzakirələrdə dəqiqləşdirilib. Noyabrın 16-da isə yekun kompromis variant Polşa və Macarıstanın etirazına baxmayaraq qəbul edilib.

Baş nazir məktubun sonunda geniş miqyasda dövlətlərin ittiham olunmasından çəkinməyə çağırıb: “Həyatının bir hissəsini totalitar rejimlər altında keçirənlərimiz yaxşı bilirlər ki, proseslərə və qurumlara mahiyyətinin tam əksinə məna verən adlar verdikdə reallıqdan uzaqlaşma başlayır”.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Lyublyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.