DÜNYA
Sloveniya və İtaliya qeyri-leqal miqrasiyaya qarşı birgə səyləri gücləndirəcəklər
Lyublyana, 11 iyun, AZƏRTAC
Sloveniya və İtaliya qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün hər iki ölkənin ortaq sərhədləri boyunca birgə patrul nəzarətini gücləndirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əldə edilib. Şengen məkanına daxil olan və aralarında sərhəd-keçid nəzarətinin olmadığı qonşu ölkələr Balkan marşrutu ilə Avropaya hərəkət edən miqrant axını üzərində yerləşir. Hazırda, həmçinin Alp-Adria regionunda 404 km məsafəni əhatə edən sərhəd xətti boyunca qeyri-leqal miqrantların öz vətənlərinə geri göndərilməsi üçün xüsusi birgə proqram da işlənib hazırlanır.
İtaliya Avropa ölkələri arasında qeyri-leqal miqrasiyadan ən çox əziyyət çəkən ölkələr sırasındadır. Ötən illərlə müqayisədə miqrasiya axınının qarşısı ciddi şəkildə alınsa da, İtaliyanın Baş Nazirinin müavini və Daxili İşlər naziri, restriktiv miqrasiya qanunlarının tərəfdarı olan Matteo Salvini dəniz yolu ilə yanaşı, quru yolla hərəkət edən miqrantlar üzərində nəzarətin gücləndirilməsinə çalışır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana