SİYASƏT


Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib

Çepovan, 14 dekabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, dekabrın 13-14-də Sloveniyada Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi (Mixaylo) Hüseynzadənin (1918-1944) anadan olmasının 100-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Bu məqsədlə Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, Milli Məclisin deputatı Rauf Əliyev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyəti bu ölkədə səfərdədir. Nümayəndə heyətinin tərkibinə, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin, müxtəlif qeyri-hökumət təşkilatlarının, Avstriya və Sloveniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəalları da daxildir.

AZƏRTAC xəbər verir ki, dekabrın 14-də anım tədbirləri Mehdi Hüseynzadənin döyüş yolu keçdiyi və həlak olduğu Nova Qoritsa regionunda davam etdirilib. Nümayəndə heyəti yerli sakinlər və müharibə veteranlarının iştirakı ilə Şempas kəndində Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklil qoyub və onun xatirəsinə yaradılmış muzeylə tanış olub. Məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2007-ci ildə məşhur kəşfiyyatçının bu kənddə abidəsi ucaldılıb, sonra isə onun xatirəsinə muzey yaradılıb. Muzeydəki o dövrə aid fotolar, Mehdi Hüseynzadənin döyüş yoldaşlarının təqdim etdikləri qiymətli eksponatlar bu muzeyə gələnlərdə qəhrəmanın həyatı və keçdiyi döyüş yolu haqqında dolğun təəssürat yaradır.

Daha sonra nümayəndə heyəti Mixaylonun 1944-cü ilin noyabrında alman nasistləri ilə ağır döyüşdən sonra həlak olduğu Vitovlye kəndinə baş çəkib, onun həlak olduğu ərazidə yerləşən xatirə lövhəsi önündə əklil qoyub, qəhrəmanın xatirəsini yad edib.

Həmin gün nümayəndə heyəti dövlət rəsmiləri, yerli əhali və veteran təşkilatlarının iştirakı ilə Çepovan məzarlığında Mehdi Hüseynzadənin məzarını ziyarət edib.

Həmin gün Çepovan kəndinin Mədəniyyət Evində Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın və Sloveniyanın dövlət himnləri səsləndirilib.

Çıxış edən Nova Qoritsa Universitetinin prorektoru Mladen Franko əfsanəvi kəşfiyyatçı Mixaylonun həyat və döyüş yoluna nəzər salıb, onun Adriatik dənizi sahillərindəki partizan fəaliyyətinə xüsusi diqqət ayırıb. Qeyd edilib ki, Mehdi Hüseynzadə İtaliyanın Udine regionunda alman əsirliyindən qaçaraq partizan hərəkatına qoşulub və Sloveniyanın Primorsk regionunda alman faşizminə qarşı mübarizə aparıb. Yuqoslaviya Xalq Azadlıq Ordusunun IX korpusu komandanlığının tapşırığı ilə Mixaylo Qradnik adına 31-ci diviziyanın qərargahı yanında kəşfiyyat-təxribat qrupu yaradıb və ona başçılıq edib. Onun qəhrəmanlığı, həyata keçirdiyi əməliyyatlar onu yerli əhalinin sevimlisinə, almanların isə qorxunc yuxusuna çevirib. 1944-cü il noyabrın 2-də Nova Qoritsa yaxınlığında yerləşən Solkan qəsəbəsindəki əməliyyatdan geri dönən Mixaylo Vitovlye kəndində alman hərbçiləri ilə döyüşdə qəhrəmancasına həlak olub. Əvvəlcə yaxınlıqdakı Şempas kəndində dəfn edilən Mixaylonun nəşi noyabrın 19-da silahdaşları və yerli əhali tərəfindən Çepovan məzarlığındakı qardaşlıq məzarına köçürülüb.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxışında Mixaylonun xatirəsini əziz tutduğuna görə Sloveniya dövlətinə və xalqına Azərbaycan xalqı, xüsusilə də Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib. Qeyd edilib ki, Sloveniyada Mehdi Hüseynzadənin memorial muzeyinin fəaliyyət göstərməsi, abidəsinə daim diqqət yetirilməsi xalqımız üçün qürurvericidir. Onun qısa lakin şərəfli ömür yolu və qəhrəmanlığı bugünkü gənclər üçün əsl nümunədir. Qəhrəmanların təbliğ edilməsi və şərəfli hərb tariximizin öyrənilməsi ölkələrimizin müstəqilliyinin sarsılmaz olduğuna bir işarədir.

Nazir müavini bildirib ki, Mixaylo sloveniyalı silahdaşları ilə birgə həm nasistlərə qarşı mübarizə aparan partizan, həm də Sloveniya milli-azadlıq hərəkatının sadiq əsgəri olub. Azərbaycan xalqı kimi, sloven xalqı da Mehdi Hüseynzadəni öz qəhrəmanı sayır və xatirəsini uca tutur.

Xüsusilə qeyd edilib ki, sovetlər dövründə Mehdi Hüseynzadənin adının əbədiləşdirilməsinin təşəbbüskarı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olub. Bu gün də Azərbaycan Prezidenti İlham Əliyev bu ənənəni davam etdirir. Sloveniyanın Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin xatirəsinə ucaldılmış abidənin açılışında Azərbaycan və Sloveniya dövlət başçılarının iştirakı xalqlarımızın tarixi qəhrəmanlara verdiyi ən yüksək qiymətdir. Bu abidə istər Sloveniya, istərsə də Azərbaycan nümayəndə heyətləri tərəfindən daim ziyarət edilir, burada Mehdi Hüseynzadənin xatirəsinə həsr olunan tədbirlər keçirilir.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, bu il dövlət səviyyəsində Mehdi Hüseynzadənin anadan olmasının yüz illik yubileyinə həsr olunmuş bir sıra tədbirlər keçirilir.

Sloveniya parlamentinin yuxarı palatasının (Dövlət Şurası) sədri Aloys Kovştsa Azərbaycan və Sloveniya arasında möhkəm dostluq əlaqələrinin mövcud olduğunu qeyd edərək, Mehdi Hüseynzadə kimi qəhrəman oğula görə Azərbaycan xalqına minnətdarlığını ifadə edib. Qeyd edilib ki, müharibələrdə əsgərlər şücaət göstərirlər və qəhrəmancasına həyatlarından keçirlər. Dünyanın uzaq bir ölkəsində gəlmiş Mixaylo Sloveniyanın azad olunmasında iştirak edib və sloven xalqı uğrunda gənc ömrünü fəda verib. O, həmçinin bildirib ki, Azərbaycan və sloven xalqları arasında sıx bağlılıq və dostluq əlaqələri var, bu bağın möhkəmliyində Mixaylo fenomeni də mühüm rol oynayır.

Tədbirin ikinci hissəsində yerli musiqi qrupları, məktəblilər və sənətçilər bədii proqramla çıxış ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Çepovan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.