DÜNYA
Sloveniyada müxalifət partiyaları Baş nazirin vəzifədən kənarlaşdırılması üçün fəaliyyətə başlayıb

Lyublyana, 3 aprel, AZƏRTAC
Sloveniyada mərkəz-solçu müxalifət partiyaları sağçı-mühafizəkar Baş nazir Yanez Yanşanın vəzifəsindən kənarlaşdırılması üçün Konstitusiya Məhkəməsinə şikayət verəcəklər.
AZƏRTAC xəbər verir ki, bununla bağlı müvafiq müraciət aprelin 2-də müxalifət partiyaları tərəfindən parlamentə təqdim edilib. Şikayətdə hökumət başçısı bir sıra mövzuda, xüsusilə də koronavirusa qarşı peyvənd alışında nöqsanlar (təklif olunan partiyanın alınmaması), media azadlığının məhdudlaşdırılması və prokurorluq orqanlarının işinə müdaxilədə ittiham olunur.
Y.Yanşa müxalifət partiyalarının bu şikayətini pandemiyanın ağır dövründə ölkədə qeyri-sabitlik yaratmaq üçün “miskin addım” kimi dəyərləndirib.
Keçmiş Baş nazir Maryan Şarets hökumətin ötən ilin noyabr ayında təklif olunan peyvənd partiyasının alışına dair təklifi rədd etməsini ölkə əhalisinin sağlamlığını təhlükə altına salan addım və insanların səhiyyə təminatının ən ağır formada pozulması kimi dəyərləndirib. O bildirib ki, bu təklifdən imtina etməklə Sloveniya özünü bu uğursuzluğa görə günahı başqalarında axtaran ölkələrlə bir cərgəyə qoyub.
Baş nazirə qarşı iddialar sırasında qanunla müəyyən olunmuş dövlət vəsaitlərini ayırmamaqla Sloveniya Mətbuat Agentliyini (STA) “qəsdən məhv etmək” ittihamı da yer alır. Sosial-demokratlar, “Maryan Şaretsin siyahısı” solçular və keçmiş Baş nazir Alenka Bratuşekin partiyası (SAB) Y. Yanşaya qarşı şikayəti dəstəkləyirlər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana