DÜNYA
Sloveniyada parlament seçkiləri keçirilir
Lyublyana, 24 aprel, AZƏRTAC
Bu gün Sloveniyada parlament seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, seçkilər 2020-ci ildən baş nazir vəzifəsini tutan Yaneş Yanşanın siyasi karyerası üçün həlledici əhəmiyyət daşıyır. Seçkilərdən öncə aparılan rəy sorğularının nəticələrinə əsasən, əsas mübarizə Y.Yanşanın təmsil etdiyi Sloveniya Demokratik Partiyası (SDS) və siyasətə yeni atılmış Robert Qolobun liberal Azadlıq Hərəkatı arasında baş verəcəkdir. Hər iki siyasi qüvvəyə respondentlərin 20-25 faizi rəğbət göstərir. Bununla belə, parlamentdəki liberal və solçu qüvvələrin yaratdığı anti-Yanşa koalisiyasiyası seçkilərin ilk mərhələsindən sonra nəticələrə ciddi təsir göstərə bilərlər. Seçkilərdən öncə meydana gələn Azadlıq Hərəkatı mərkəz-solçu partiyaları koalisiya tərəfdarı kimi öz tərəfinə çəkmək və ölkədə yeni koalisiyalı hökumət qurmaq şansına malikdir.
Qeyd edək ki, Y. Yanşa 2004-2008 və 2012-2013-cü illərdə baş nazir postunu tutub. 2020-ci ilin mart ayında mərkəz-solçu koalisiya dağıldıqdan və həmin düşərgənin bir sıra nümayəndələr Y.Yanşanı dəstəklədikdən sonra o, hökumətə başçılığı öz əlinə ala bilmişdi.
Siyasi ekspertlərin rəyinə görə, kiçik partiyalar parlament seçkilərin “piyadanı vəzirə çevirən qüvvə” rolunda çıxış edə bilərlər. Seçkilərə qoşulmuş 20 partiya və siyahı arasında bu missiyanı üzərinə götürəcək siyasi qüvvə kifayət qədərdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana