SİYASƏT
Sloveniyalı səfir STA agentliyi ilə AzərTAc arasında əlaqələrin inkişafına dəstək vermək istəyir VİDEO
Sloveniyanın Azərbaycandakı səfiri Milan Yazbets AZƏRTAC ilə ölkəsinin STA agentliyi arasında əlaqələrin inkişafına dəstək vermək istəyir.
Səfir bu məramını AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə görüşündə deyib. Diplomat bildirib ki, agentliklər arasında əlaqələrin möhkəmlənməsi və informasiya mübadiləsi ölkələrin əməkdaşlığının inkişafına töhfə verə bilər.
Milan Yazbetsin bu marağı onun ixtisasca jurnalist olmasından, medianın rolunu peşəkarcasına qiymətləndirməsindən irəli gəlir.
Söhbət zamanı qeyd olunub ki, AZƏRTAC da Sloveniyanın STA xəbər agentliyi ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə önəm verir. Tərəflər əməkdaşlıqla bağlı müqavilə layihəsi üzərində danışıqları davam etdirmək niyyətindədir.
Görüşdə səfirə, həmçinin Azərbaycanın dövlət quruculuğu tarixi, zəngin mədəniyyəti, müasir inkişaf yolu, Avropa ölkələri ilə münasibətləri barədə də məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın dünyada nüfuzunun artması AZƏRTAC-ın da beynəlxalq əlaqələrinin güclənməsinə təkan verib. “Biz dünyanın 40-a yaxın ölkəsinin xəbər agentlikləri ilə əlaqələr qurmuşuq. AZƏRTAC dünya miqyaslı informasiya agentliklərinin bir sıra alyanslarının rəhbər orqanlarının fəal üzvüdür və 2016-cı ildə Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələrinin Xəbər Agentlikləri Təşkilatının (OANA) birgə assambleyasına ev sahibliyi, həmçinin 2019-cu ilədək bu qurumlara sədrlik edəcək ”, - deyə Aslan Aslanov məlumat verib.
Səfir Sloveniyanın Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu deyib. O, bu günlərdə təqdimatı keçirilən Sloveniyanın Azərbaycandakı yeni Fəxri Konsulluğunun mədəni və iqtisadi sahələrdə münasibətlərin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə Sloveniyanın Azərbaycandakı yeni fəxri konsulu Elnur Allahverdiyev də iştirak edib.