MƏDƏNİYYƏT
Smolensk filarmoniyasının direktoru azərbaycanlı musiqiçilərin məharətini qeyd edib
Moskva, 10 dekabr, AZƏRTAC
Smolensk Vilayət Filarmoniyasının direktoru Olqa Saxarova Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar Artisti Əyyub Quliyevin idarəçiliyi ilə filarmoniyanın kamera orkestrinin və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin (fortepiano) iştirak etdikləri konsertin təşkilinə verdiyi dəstəyə görə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkür məktubu göndərib.
Məktubda deyilir: “Əyyub Quliyevin artistizmi, məharəti və musiqiyə yanaşma tərzi, həmçinin Səidə Tağızadənin royalda qüsursuz və virtuoz ifası ilə müşayiət olunan, Azərbaycan, italyan və rus bəstəkarlarının əsərlərinin səsləndiyi konsert tamaşaçılarda böyük maraq doğurub. Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vaqif Mustafazadə və Fərhad Bədəlbəylinin əsərləri Smolenskdə ilk dəfə ifa olunub. Vilayətimizin mədəni həyatında əlamətdar hadisə olan tədbirin bütün təşkilatçılarına təşəkkür edirik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva