SİYASƏT


Şneor Seqal: Beynəlxalq birlik dinc əhaliyə qarşı bu vəhşicəsinə hücumları dayandırmalıdır VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC

Bu gün səhər Gəncənin yerli yəhudi icması ilə görüşmək üçün bu şəhərə gəldim. Burada 800-ə yaxın yəhudi yaşayır. Mən buraya birinci dəfə gəlmirəm. Hər dəfə buraya gəlməyə, bu kiçik icmanın genişlənməsinə, inkişaf etməsinə, yerli əhali ilə mehriban yaşamasına baxanda qəlbim fərəhlə dolur. Yeri gəlmişkən, Azərbaycanda yəhudi icması təkcə Gəncədə deyil, ölkənin bütün regionlarında sülh şəraitində, rahat yaşayır, bu ölkədə heç vaxt antisemitizm və milli ayrı-seçkilik halları müşahidə olunmayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal agentliyə müsahibəsində söyləyib.

O deyib: “Təəssüf ki, mənim bugünkü səfərim bir növ qeyri-adi oldu. Mən yerli icma nümayəndələri ilə söhbətdə onların dəhşətli raket bombardmanları şəraitində necə yaşamaları barədə söylədiklərini eşitdim. Mənə bildirdilər ki, bəzi sakinlərin evlərinə ciddi ziyan vurulub, uşaqlar gecə vaxtı qışqıraraq yuxudan oyanırlar. Əlbəttə, bütün bunlar çox dəhşətlidir. Dəhşətlidir ki, dinc əhali əzab-əziyyət çəkir, dinc vətəndaşlara vəhşicəsinə hücumlar edilir. Buna son qoyulmalıdır. Bu, çox pis haldır, dünya bunları eşitməli və bu vəziyyətə son qoymalıdır. Beynəlxalq birlik dinc əhaliyə qarşı bu vəhşicəsinə hücumları dayandırmalıdır. Mən birbaşa yaşayış məhəlləsinə getdim, bütün bu dəhşətli dağıntıları öz gözümlə gördüm”.

Baş ravvin icmada yaralananların sağalması üçün dua edilməsini vurğulayaraq dedi: “Təəssüf ki, bu dəhşətli hücum zamanı ölənlər də olub. Biz onların ruhuna dua etdik. Bundan sonra isə ordumuzun qələbəsi üçün dua edəcəyik ki, bütün bunlara tezliklə son qoyulsun, bütün döyüşçülər evlərinə sağ-salamat qayıtsınlar. Bizi eşidənlərin hamısına deyirik: Dinc sakinlərin qətlə yetirilməsinə son qoymaq lazımdır. Mən həm də yerli hakimiyyət orqanlarına, əhaliyə kömək edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.