ELM VƏ TƏHSİL
Şöbə müdiri: İstənilən obyektin ünvanı Azərbaycan dilində olmalıdır
“Reklam, tərcümə və dublyaj işində Azərbaycan dilinin tələblərinə əməl edilməsi” mövzusunda dəyirmi masa keçirilib
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 10-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Media və Mülki Cəmiyyət İctimai Birliyinin “Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində “Reklam, tərcümə və dublyaj işində Azərbaycan dilinin tələblərinə əməl edilməsi” mövzusunda dəyirmi masa keçirilib.
İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu vurğulayıb ki, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Akademik bildirib ki, reklam xalqın dil və yazı mədəniyyətini göstərir. Ona görə də ədəbi dil normaları gözlənilməlidir. Buna görə də hər bir vətəndaş bu sahəyə xüsusi diqqətlə yanaşmalı, reklamlara fikir verməlidir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada layihənin rəhbəri Xanoğlan Əhmədov və jurnalist Vasif Sadıqlı reklamlardakı dil qüsurlarından bəhs ediblər.
Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva bildirib ki, reklamın hazırlanması çox ciddi texnoloji prosesdir. İstənilən obyektin ünvanı Azərbaycan dilində olmalıdır. Reklamlarda daha çox millilik, milli xüsusiyyət, milli təqdimat çatmır, tərcümələr düzgün aparılmır. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda da küçə reklamlarının, afişaların yazılışının normaya uyğun olmasının vacibliyi vurğulanır.
Dəyirmi masada professor Sayalı Sadıqova, Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli, dosentlər Qüdsiyyə Qəmbərova, Sevinc Məmmədova və Güntəkin Binnətovanın reklamların dili ilə bağlı müxtəlif istiqamətləri əhatə edən çıxışları maraqla qarşılanıb.
Tədbirdə nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilib.