DÜNYA
Soçidə Rusiya və Belarus prezidentlərinin danışıqları başlayıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko Soçidə danışıqlara başlayıblar.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, danışıqlar nə qədər lazım gələrsə, o qədər davam edəcək.
Bu, Belarus Prezidentinin 9 avqust seçkilərindən sonra ilk xarici səfəridir.
Kremlin mətbuat xidmətindən bildiriblər ki, Soçi danışıqlarında Rusiya-Belarus arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məqamları müzakirə olunacaq. Ticarət-iqtisadi, energetika və mədəni-humanitar sahələrdə birgə böyük layihələrin reallaşdırılmasına, habelə İttifaq dövləti çərçivəsində inteqrasiya proseslərinin perspektivlərinə xüsusi diqqət ayrılması planlaşdırılır.
Görüşün yekunlarına dair hər hansı sənədin imzalanması nəzərdə tutulmur.
BelTA agentliyinin məlumatına əsasən, prezidentlərin danışıqları təkbətək formatda keçiriləcək.